Müəllimlər Sertifikatlaşdırmanı niyə istəmirlər? – Araşdırma

Müəllimlər Sertifikatlaşdırmanı niyə istəmirlər? – Araşdırma

“Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikatlaşdırılmasına başlanılacaq. Edumap.az Təhsil Portalı olaraq müəllimlər arasında araşdırma apardıq. Sosial media üzərindən apardığımız sorğuda 176 müəllim iştirak edib (Nəticə: 16.06.2022, saat 22:37-  21.06.2022 il, saat 00: 25 -dək).

İştirakçıların 76.7% -i sertifikatlaşdırmanı dəstəkləmədiklərini qeyd edərkən, 23.3%-i sertifikatlaşdırmanın vacib olduğunu vurğulayıblar.

Sorğuda 20-65 yaş arası müəllimlər iştirak ediblər.

“Xeyr” deyən müəllimlər nəyə görə istəmədiklərini əsasən, şəffaf olmayacağına inandıqları, işəqəbul zamanı MİQ və daha sonra diaqnostika imtahanları verdikləri üçün, yaşlı müəllimlər isə pensiya yaşlarına az qaldığı, 15+ il iş təcrübələri olduğu  üçün sertifikatlaşdırılmanı lazımsız hesab ediblər. Sertifikasiyanı dəstəkləməyən müəllimlərin verdikləri cavablardan bəzi nümunələri təqdim edirik:

  • “Müsahibənin düzgün keçəcəyinə inanmıram”
  • “Müəllimlərin vaxtını alan imtahandan başqa bir şey deyil.”
  • “Əgər müəllimin 2-3 ili qalıbsa pensiya yaşına o niyə imtahan verməlidir? Müəllimin bəyəm hüququ yoxdur ki, yayda istirahət etsin. Müəllimə suallar və hansı kitabdan olacağı açıqlanmalıdır.”
  • “Çünki ədalətsizlik olacaq, rüşvət alınacaq. 50 yaşdan yuxarı müəllimlərə ayrıcalıq olmalıdı.”
  • “Müəllim, müəllim olmaq üçün bir çox imtahanlardan keçmişdir.”
  • “Yeni işə gələn müəllim onsuz da imtahan verib, 30 il 40 il təcrübəsi olan müəllimin də imtahana ehtiyacı yoxdur”
  • “ Müəllim onsuz da MİQ vasitəsilə işə qəbul olur.”
  • “Hesab edirəm ki, müəllimləri həddən çox imtahan edirlər(işə qəbul zamanı, diaqnostik qiymətləndirmə, indi isə sertifikasiya).”
  • “Çünki 20-30 il iş təcrübəsi olan müəllimi imtahan etmək gülüncdür”
  • “Müsahibənin şəffaflığına inanmıram” və s.

“Bəli” deyən müəllimlər isə, sertifikatlaşmanın məktəblərdə savadlı kadrların sayını artıracağını, məktəblərin təsadüfi müəllimlərdən “təmizlənəcəyini”, müəllimlərin müasir dövrün tələblərinə cavab verəcəyini, sertifikatlaşmanın təhsilin inkişafına dəstək olacağını qeyd ediblər.

  • “Savadlılar seçilsin”
  • “Müəllim zamanla ayaqlaşmaq, yenilikləri tətbiq etməlidir.”
  • “Çünki, məktəblərdə təsadüfi müəllimlər var.”
  • “Təhsilverənlərin sertifikatlaşdırılması vacibdir, çünki savadsız müəllimlər çoxdur”
  • “Düşünürəmki, müəllimlərin biliklərinin daha genişlənməsi, müasir dövrün tələblərinə uymaq və onları məninsəməsi, və özlərini təhkimləşdirmələri üçün müsbət bir prosesdir”
  • “Çünki istənilən sahədə dəyərləndirilmə aparılmalıdır ki, inkişaf da olsun”
  • “Çünki yetərincə üzərində çalışmayan müəllim ordusu var.Hətta yetərincə işsiz amma çox savadlı üzərində çalışan müəllim ordusu da var.”

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublkası Qanununun 28.1-ci maddələri müəllimləri narahat edən yuxarıdakı məsələlərin bir hissəsinə bu formada aydınlıq gətirir:

  • Sertifikatlaşdırma dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə keçirilir.
  • Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır.
  • Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.

 

Əziz müəllimləri sizi narahat edən və maraqlandıran sualları aşağıdakı link vasitəsilə bizə göndərə bilərsiniz.

Sorğu: https://bit.ly/3OidWlp

Hazırladı: Rasim Abdurahmanov

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles