“Müharibə və sülh” adlı sərgi keçiriləcək

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 8 dekabr 2017-ci il tarixində İran rəssamlarının “Müharibə və sülh” adlı sərgisi keçiriləcəkdir.

Edumap.az xəbər verir ki, Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və İran İslam Respublikasında fəaliyyət göstərən Sayed Amin Akhzarinin rəhbərlik etdiyi  “Hoonam Art Academy”nin birgə təşəbbüsü ilə keçirilir. Sərginin əsas məqsədi Azərbaycan və İran arasındakı mədəni əlaqələri möhməkləndirmək və daha da inkişaf etdirməkdir.

Dostluq sərgisində dəfələrlə bir çox beynəlxalq sərgilərdə iştirak etmiş 55 rəssamın 70-ə yaxın qarışıq texnikada işlənmiş əsərləri təqdim olunur. Sərgidə nümayiş olunan əsərlər müxtəlif üslub və motivləri əhatə etsə də, əsərlərdə insan və cəmiyyətin problemlərini, həmçinin dünyada və insanın daxilində baş verən müharibə və qarşıdurmaları əks etdirən sujet xətti də yer almaqdadır. Bununla yanaşı sərgidə portret, mənzərə və digər janrlarda işlənmiş əsərlərlər nümayiş olunacaqdır.

Sərginin açılış mərasimində ADRA-nın rəhbər heyəti ilə yanaşı, bir sıra rəsmi qonaqlar, tələbə, müəllim heyəti iştirak edəcəkdir.

Sərginin rəsmi açılış mərasimi 8 dekabr 2017-ci il tarixində saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24)  keçiriləcəkdir. Qeyd edək ki, sərgi 2017-ci il 13 dekabr  tarixinədək davam edəcəkdir.

Rəylər

rəy(lər)