#
11 İyul 14:10

“Münaqişə Məktəbi”nə qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF), Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu” (PeaCE) layihəsi çərçivəsində gənclər üçün “Münaqişə Məktəbi”nə qəbul elan edir.  İki həftəlik intensiv kurs 23 iyul – 3 avqust 2018-ci il tarixlərində Baku Idealab ofisində keçiriləcək (Cəfər Cabbarlı küçəsi 44, Kaspian Plaza III, mərtəbə 3)

 

“Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. “Münaqişə Məktəbi” müxtəlif mövzularda təlim seminarları və mühazirələrdən ibarət olacaqdır. Seminar və mühazirələr sülh, müharibə və  münaqişələrin sosiologiyası, kollektiv yaddaş, münaqişə nəzəriyyəsi, milli dövlət və dövlət sərhədi kimi nəzəri mövzularla yanaşı, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan rəsmi danışıqlar, qaçqın və məcburi köçkünlərin vəziyyəti, medianın münaqişənin nizamlanmasında rolu və təhlükəsizlik məsələləri, xalq diplomatiyası və sülhyaratma təşəbbüsləri kimi müxtəlif aktual mövzuları əhatə edir. “Münaqişə Məktəbi”ndə təlim seminarı aparmaq və mühazirə vermək üçün müstəqil ekspertlər, elm adamları və dövlət qurumlarının təmsilçiləri dəvət olunacaq.

 

“Münaqişə Məktəbi”ndə iştirak üçün 18-28 yaş aralığında olan tələbələr, yeni məzun olmuş gənclər  və gənc mütəxəssislər müraciət edə bilər. Seçim müraciətçinin münaqişə sahəsinə olan marağı və təhsil göstəriciləri əsasında həyata keçiriləcəkdir. Seçim zamanı siyasi elmlər, beynəlxalq münasibətlər, sosiologiya, jurnalistika və yaxın ixtisas sahələrində təhsil alan və ya yeni bitirmiş gənclərə üstünlük veriləcəkdir.  “Münaqişə Məktəbi” Azərbaycan dilində keçiriləcəkdir.

 

“Münaqişə Məktəbi”ndə iştirak etmək üçün 13 iyul 2018-ci il tarixinədək müraciət forması  [email protected] elektron ünvanına göndərilməlidir. Uğurlu namizədlər 15 iyul tarixindən sonra müsahibəyə dəvət olunacaqlar və son nəticələr 20 iyul tarixində açıqlanacaq.

 

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur. AƏF-in Azərbaycan Respublikasındakı fəaliyyətinin əsas komponentlərindən biri Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında  vətəndaş cəmiyyətinin iştirakına və bacarıqlarının şaxələndirilməsinə dəstək olmaqdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)