24 Aprel 16:18

Muzey Mərkəzində sərgi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən Muzey Mərkəzində 2017-ci il may ayının 2-dən 8-dək ““İRS”. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri qrafika və heykəltəraşlıq əsərlərində” adlı sərgi və qalereyanın loqotipinin təqdimatı keçiriləcəkdir.

Azərbaycan Dövlət Rəsm Qalereyası 1972-ci ildə Ümummilli lider Heydər Əliyevin respublikya rəhbərliyi dövründə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qərarı ilə  yaradılmışdır. Bu müddət ərzində qalereyanın fondunda 10 000-dək incəsənət əsəri toplanmışdır. Bu əsərlər Azərbaycan rəssamlarının yaratdığı nadir sənət inciləri olmaqla, eyni zamanda respublikanın sərvətinə çevrilmişdir. Qalereyanın fondunda saxlanılan elə sənət əsərləri vardır ki, onlar indiyədək heç vaxt sərgi salonlarında, qalereyalarda, muzeylərdə sərgilənməmişdir.

Bu il ilk dəfə olaraq qalereyanın xüsusi tanınma nişanı (loqotipi) Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuşdur.

Son illərdə Azərbaycanda turizmin inkişafı istiqamətində islahatlar aparılır, ölkəmizin mədəniyyət, idman və turizm ölkəsi kimi tanıdılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Beynəlxalq Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanda keçirilir. Azərbaycan dünyada sülhün, tolerantliğin, həmrəyliyin, sivilizasiyalararası qarşılıqlı anlaşmanın mövcud olduğu ölkə kimi beynəlxalq müstəvidə öz rolunu oynayır. Cari il may ayının 4-dən 6-dək Bakıda növbəti dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi planlaşdırılır. 2017-ci il 12-22 may tarixində Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəkdir. Bu müddət ərzində Bakıya müxtəlif xarici ölkələrdən yüksək səviyyəli qonaqların gəlişi gözlənilir. Belə tədbirlər ölkəmizin incəsənətini təbliğ etmək üçün də əlverişli imkanlar yaradır. “İRS”. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri qrafika və heykəltəraşlıq əsərlərində adlı sərginin təşkilində əsas məqsəd milli incəsənətimizin nadir incilərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsindən, turistlərə mədəni xidmətin göstərilməsindən, eyni zamanda Dünya Mədəniyyətlərarası Dialoq Forumu iştirakçılarının mədəni proqramının zənginləşdirilməsindən ibarətdir.

Qalereyanın loqotipinin təqdimat mərasimi 2017-ci il may ayının 2-də saat 17:00-da Muzey Mərkəzinin akt zalında (II mərtəbə), sərginin açılışı isə saat 18:00-da Sərgi Qalereyasında (IV mərtəbə dəyirmi zal) təşkil olunacaqdır.

Təqdimat mərasimi və sərgiyə giriş sərbəstdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)