1 Fevral 14:16

Muzeyin incisi – Azərbaycan Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça mühafizə edilir.
Xalça Qarabağ xalça məktəbinə məxsusdur. 1918-ci ildə Azərbaycan hökumətinin dəvəti ilə bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın qarşısını almaq üçün gələn türk ordusuna minnətdarlıq əlaməti olaraq toxunmuşdur. Ölçüsü 190×140 sm.-dir.

Xalça 1916-cı ildə çəkilmiş bir fotoşəkil əsasında toxunmuşdur. Fotoşəkil xalçanın əsas mərkəzi hissəsinə həkk olunmuşdur. Xalçanın üzərindəki mətnə əsasən fotoşəkildəkilər bunlardır: “Cənabi-möhtərəm Ənvər bəy əfəndi”, “Cənab Şevkət Paşa həzrətləri”, “Cənab Yusif İzzətdin”, “Sultan V Məhəmməd Rəşad xan həzrətləri”.

Xalçanın haşiyələrindən birinə fars dilində yazılmış şeir toxunmuşdur.
Mətn tam oxunmur. Şerin mətni belədir:

“Zəmanə içrə… mövcud edib səni yaradan,
Ənvərin adı ilə düşmənin qəlbi parçalanır,
Mərdliklə əlinə parlayan qılıncını alıb ildırım kimi vurub.
Tək canıyla bağırıb nərildəyir: Allahu Əkbər
Mərdliklə hücum edir düşmənə, salır onların canına titrətmə
Böyük bir meydanda at çapdırır, qırıb düşmənin başın töküb meydana”.

Digər haşiyədə isə Qarabağın məşhur nəlbəkigülü toxunmuşdur.
Muzeyə daxil edilən etnoqrafik xalça Azərbaycan etnoqrafiyasının və XX əsrin əvvəllərində Azərbaycan – Osmanlı əlaqələrinin tədqiqi üçün əhəmiyyətli mənbədir və öz tədqiqatçılarını gözləyir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)