Onlayn dərsin 4 əsas elementi

Onlayn dərsin 4 əsas elementi

 

Skype üzərindən dərsə qatılan şagirdlərin 80%-nin imtahandan kəsilməsi xəbərini alandan sonra qərara aldım ki, onlayn dərsin 4 əsas elementi haqqında yazım. O elementlər ki, onlayn dərsin olmazsa olmazıdır!

 

Bu 4 element olmadan Skype, Zoom, Google Meet və s. tətbiqetmələr vasitəsiylə təşkil olunan dərslər onlayn deyil, sadəcə “Skype dərsi”, “Zoom dərsi”, “Google Meet dərsi”dir. Çünki sadalanan tətbiqetmələr onlayn dərsin özü deyil (!), sadəcə tərkib hissəsidir.

 

Başqa cür desəm, elə bilin bu tətbiqetmələr maşınınızın sükanıdır, amma maşının təkərləri yoxdur. İndi düşünün, təkərsiz maşın necə hərəkət edər? İnanıram ki, bu elementlər onlayn öyrətmə metod və strategiyalarınızı müəyyən etməkdə sizə çox kömək edəcək.

 

Element 1

Fərdi söhbət

Çox zaman şagirdlər müəyyən səbəblərdən müzakirə forumlarında istədiyi fikri yaza bilmir və ya hər hansı problemi olanda onu hamının bilməsini istəmir. Belə olanda, şagird sizə və ya sinif yoldaşlarına birbaşa yaza bilməsi üçün imkan yaratmaq vacibdir. Yadınıza salın, özünüz neçə dəfə məktəbdə müəllimə və ya sinif yoldaşınıza yaxınlaşıb onunla fərdi danışmaq istəmisiniz? Eyni şey onlayn dərsdə də olur.

 

Bunun üçün şagirdə ya email, emailin fərdi çat bölməsi, Skype, Zoom, Viber, Hangout kimi tətbiqetmələr üzərindən səsli\video zəng, bildiyiniz və hər ikinizə istifadəsi rahat olan hansısa onlayn platforma vasitəsilə ünsiyyət qura bilərsiniz. Önəmli olan odur ki, ünsiyyət forması üçün şagirdə alternativ təklif edin və onun hansı –səsli, video yoxsa yazılı– ünsiyyət formasını istifadədə daha rahat olcağını əvvəlcədən dəqiqləşdirin.

 

Hansı platformadan istifadə etməyinizdən asılı olmayaraq unutmayın ki, pedaqoq\təlimçi olaraq işiniz tələbənin kəsilməsinə, soruşacağı suala görə utandırılmasına deyil, dərsdə uğurlu olmasına (!), bir şeylər qazanmasına (!) kömək etməkdir.

 

Amma təcrübədə fərdi mesajların sui istifadə hallarına da rast gəlinir. Ona görə də ta başından ictimai və fərdi ünsiyyət etiket qaydalarını, başqalarının fikir və şəxsiyyətinə hörmətlə yanaşmanı yazılı və şifahi olaraq dərsdə xüsusi vurğulamaqda fayda var.

 

 

Element 2

Müzakirə forumu

Müzakirə forumu şagirdin dərsdən nə anladığını, öyrəndiyini, nəyi anlamaqda çətinlik çəkdiyini, nəyi daha detallı başa salmağa ehtiyac olduğunu tapmaq üçün vacib elementdir. Onlayn müzakirələr gündəlik və ya həftəlik dərsləri daha yaxşı qavramağa, şagirdlərin bir-birindən öyrənməsinə, yeni resurslar tapmağa kömək edir.

 

Forumu təşkil edəndə əsas diqqət etməli məqamlar:

 

  • Keçilən dərsi, oxunulan məqalələri\kitabları şagirdlərin sizə geri danışmasına məcbur edəcək suallardan yayının. Bu onların dərsi\təlimi uğurla bitirməsinə kömək etmir! Analitik və təhlilə yönəlik müzakirələr başlatmaq üçün şagirdi düşünməyə, öz fikirlərini paylaşmağa sövq edən suallar soruşun. Məsələn, “İnklüziv təhsilin tərifi kimin yadındadır?” tipli sualı “İnklüziv təhsil sizin üçün nə deməkdir və məktəbdə necə tətbiq edərdiniz?” tipli sualla əvəz edərək, şagirdin öz düşüncələrini yazmasına həvəsləndirə bilərsiniz.

 

  • Şagirdlərə müxtəlif multimedia vasitələrindən istifadə edərək oxuduqları haqda təhlil təqdim etməsinə şərait yaradın. Məsələn, şagirdlərə deyə bilərsiniz ki, onlar oxuduqları X yazı haqqında təhlili video material, PowerPoint, sadəcə səsli audio hazırlayaraq və ya şəkil çəkərək təqdim edə bilər.

 

  • İştirakçıların cavablarına öz feedbak-inizi verməyi unutmayın (!). Müzakirələrə az qatılan və ya qatılmağa tam cəsarət toplaya bilməyən şagird varsa, ona fərdi yazaraq həvəsləndirin. Deyə bilərsiniz ki, məsələn, “Filankəs, sən dərsin əvvəlində X, Y-a marağının olduğunu demişdin. Məncə sənin X, Y haqda fikirlərin forumdakı filan movzuya dəyər qata bilər”. Və ya.. “Filankəs, sənin filan gün dərsdə dediyin fikir çox maraqlı idi. Məncə bunu forumda inkişaf etdirsən başqaları da səndən öyrənmiş olar”.

 

Yazdıqlarım mövcud olan minlərlə variantlardan bir neçəsidir. İnanıram ki, siz işləyəndə kreativ olacaq və başqa praktik variantlar tapacaqsınız (:

 

Forumu təşkil etmək üçün Facebook-da, Google Classroom-da müzakirə mövzuları yarada bilərsiniz. Əgər onlayn dərsinizi hansısa “Learning management System” (LMS) üzərindən keçirsinizsə, Piazza yaxşı seçim ola bilər. Piazza tamamilə PULSUZDUR və asanlıqla LMS sistemlərinə inteqrasiya edilir.

 

Element 3

Test

Hım.. Boynuma alım ki, test adı gələndə mənim hələ də kürkümə birə düşür. Amma onu da deyim ki, test sonda verəcəyiniz dövlət və ya özəl imtahanı məşq etmək üçün vacibdir. 2018-ci ildə Deniz Gokcora və Daniel DePaulo araşdırma zamanı müəyyən edib ki, dərsdə testlərin təşkili şagirdin özgüvənini  və dərsdə iştirakını artırır. O cümlədən, əsas imtahandan uğurla keçməsinə, öyrəndikərini daha uzun müddətə yadda saxlamasına kömək edir. Amma dərsdəki testlərin sayı həddindən çox olmamalıdır.

 

Onlayn test hazırlamaq üçün sizə 11 PULSUZ resursu təqdim edirəm: (1) Google Form (test qiymətləndirməsi üçün Flubaroo), (2) Vocabtest (söz lüğətini qiymətləndirmək üçün), (3) Hot Potatos, (4) FyreBox, (5) Free Online Surveys, (6) Type Form, (7) Quiz Maker, (8) ProProfs Quiz Maker, (9) Classmaker, (10) GoGonqr, (11) kahoot.com (Kahoot yaşından asılı olmayaraq çox insana əyləncəli gəlir).

 

 

Elemnt 4

Rəqəmsal Portfel

Rəqəmsal portfel şagirdin öyrəndiklərinin, deyərdim arxividir. Portfelə şagird dərs boyunca hazırladığı təqdimatları, oxuduğu maraqlı yazı haqqında təhlili düşüncələrini, akademik uğurlarını daxil edir. Müəllimlər\təlimçilər portfel əsasında şagirdin dərsi nə qədər dərin mənimsədiyini, dərsin öyrənmə hədəflərinə çatıb çatmadığını analiz edə bilər. Çünki rəqəmsal portfeli yaratmaq üçün şagird dərs materiallarından hali olmalıdır.

 

Rəqəmsallaşan dünyamızda bu portfeli yaratmaq vacibdir. Portfeli gələcəkdə şagird iş müraciətlərində, özünü təqdim etmədə geninə-boluna istifadə edə bilər.

 

Digital portfolio yaratmaq üçün şagirdlərinizə 8 PULSUZ resurs təqdim edə bilərsiniz:  (1) site.google.com, (2) www.wix.com, (3) www.dudamobile.com, (4) www.weebly.com, (5) www.studentshow.com, (6) www.imcreator.com, (7) www.yola.com (8) www.app.site123.com

Bura qədər oxuduğunuz üçün təşəkkür! İndi qalır, pulsuz resurslardan faydalanıb dərsinizi\təliminizi maraqlı etmək. (:

Sizə bolluca uğurlar!

Elnarə Məmmədova

İnklüziv Pedaqoji Dizayner

 

Bir cavab yazın

Back to top button