“Ördək balası”​ sindromu nədir

Psixologiyada bir çox sindromlar var. Hər bir sindrom az və ya çox şəkildə özünü insan xarakterində büruzə verir. Bu sindromları oxuduqca və araşdırdıqca özüm-özümü analiz edirəm. Görəsən hansı sindrom hansı şəkildə mənim xarakterimdə özünü büruzə verir.

Əvvəllər lap qabarıq şəkildə özünü göstərən, yaş artdıqca (belə deyək: müdrikləşdikcə) isə nisbətən effekti azalan bir sindromun təsirlərini ara-sıra hiss edirəm: “ördək balası” sindromu.

Nədir bu sindromun xüsusiyyətləri?

Əslində ilk olaraq bu təcrübə Avstriya alimi Konrad Lorens tərəfindən qaz balalarının üzərində həyata keçirilib, sonradan səhv tərcümə nəticəsində “ördək balası” sindromu adlandırılıb. Bu sindromun aşkarlanmasına səbəb alimin qaz balalarını çox sevməsi olub.

Ördək (eləcə də qaz) balalarının belə bir xüsusiyyəti var ki, dünyaya göz açdıqdan sonra ilk gördüyü hərəkət edən canlını öz anası hesab edə bilər. Maraqlı orasıdır ki, bu hətta cansız əşya da ola bilər. Ördək balalarının itlərlə, pişiklərlə olan dostluq videolarını çox görmüşük.

“Ördək balası” sindromunun əsas xüsusiyyətləri hamını dərhal bəyənmək, tələsərək bir insan, əşya və ya hadisə haqqında ilkin olaraq xoş, müsbət nəticə çıxarmaq və bu nəticədə israr etmək deməkdir.

Bu sindrom xəstəlik deyil, bu sadəcə doğru olmayan düşüncə tərzidir. Zaman-zaman hərəkətlərimizi, düşüncələrimizi analiz edərək bu sindromdan uzaqlaşa bilərik.

Başqalarının fikirlərini soruşaraq, hansısa bir məsələ haqqında ətraflı məlumat toplayaraq, oxuyaraq, öyrənərək fikirlərimizi doğru yöndə dəyişdirə bilərik.

Bu sindromun təhlükəsi nədən ibarətdir?

Təhlükə odur ki, özümüz də bilmədən fikirlərimizin doğru olduğuna özümüzü inandırırıq və ətrafımıza da bu fikirləri təlqin edirik. Bu da eyni zamanda «Status-Kvo» effektini yaradır (bu barədə başqa yazımda yazacam).

Misal olaraq günümüzdə aktual olan Covid-19 virusuna qarşı vaksinasiya məsələsini göstərək. Bəziləri vaksini çox faydalı hesab edir, digərləri isə vaksinin həyat üçün təhlükəli olduğunu düşünürlər. Hər iki tərəf özünün doğru olduğuna inanır və başqalarına da bunu təlqin edir.

İşlətdiyimiz telefon markasını mükəmməl hesab edirik, digər markaların onun qədər mükəmməl olmadığını düşünürük.

Əslində heç nə mükəmməl deyil. Eləcə də hər mənfinin bir müsbəti var. Sadəcə hadisələri və şəraiti doğru analiz edib, düzgün qərarlar çıxarmalıyıq.

İlk təəssürat yanlış da ola bilər. Yaxud nə vaxtsa özümüzdə formalaşdırdığımız və inandığımız fikirlərin doğru olmadığı meydana çıxa bilər. Bu da bizdə müəyyən inamsızlıq, depressiya yaradacaq. Çünki mövcud situasiyaya özümüzü inandırıb o dərəcədə yanlış fikir formalaşdırmışıq ki, əksini görəndə sankı hər şey uçulur, dağılır.

“Ördək balası sindromu”nun ən böyük düşməni kritik düşünmə bacarığıdır.

Sevinj Garakishiyeva

Bir cavab yazın

Back to top button