“Oxuyaq, öyrənək, öyrədək” layihəsinin növbəti tədbiri Tovuzda baş tutdu

“Müasir İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Oxuyaq, öyrənək, öyrədək” layihəsinin növbəti tədbiri Tovuz rayonunda yerləşən Tovuz Peşə Liseyində həyata keçirilib. Tədbirdə çıxış edənlər mütaliə mövzusunda maarifləndirici nitqlər söyləyib, tələbələrə oxuma vərdişlərinə dair maraqlı tövsiyələr veriblər.

Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü təmsil etdiyi təşkilat tərəfindən icra edilən layihənin önəmindən, oxumanın, mütaliənin əhəmiyyətindən bəhs edib. O, gənclərə mütaliə ilə daha çox vaxt keçirməyi tövsiyyə edib. M.Göyüşlünün sözlərinə görə savadlı cəmiyyət daha çox inkişaf edə bilər. 44 günlük müharibədən, Azərbaycan hərbiçisinin qəhərmanlığından danışan çıxışçı bundan sonra da vətənimizə təcavüz etmək istəyən düşmənlərə olarsa onlara cavab vermək üçün gənclərin mütaliəli, savadlı, vətənpərvər olmasını vacib saydığını vurğulayıb. O, Azərbaycanda mütaliə ilə bağlı keçirilən sorğudan, onun nəticələrindən danışıb. M.Göyüşlü hesab edir ki, Azərbaycan kimi ölkələrin dünyada gedən inkişaf proseslərində iştirak etməsi, töhfə verməsi, imzasını hiss etdirməsi yalnız təhsil və elmlə ola bilər.

Tovuz Peşə Liseyinin direktor əvəzi Nicat Göyüşov təmsil etdiyi təhsil müəssisəsi, burada görülən işlərlə, aparılan tədris, təlim-tərbiyə işlərilə bağlı məlumat verib. O, Müasir İnkişaf Birliyi barəsində danışaraq, tələbə olduğu dönəmlərdə adıçəkilən QHT vasitəsilə keçirilən tədbirlərə, müzakirələrə, təlimlərə aktiv şəkildə qatıldığını vurğuladı. N.Göyüşov mütaliənin gənclərin həyatında, inkişafında çox önəmli rola malik olduğunu vurğuladı. O, liseyin tələbələrinə mütaliəyə daha çox vaxt ayırmağa çağırış edib. N.Göyüşov ölkənin hazırkı sürətli inkişafında savadlı, bacarıqlı, vətənpərvər gənclərə daha çox ehtiyac olduğunu qeyd edib.

Tovuz Peşə Liseyinin direktor müavini Sərxan Musayev oxu mədəniyyətinin, kitaba olan sevginin artırılmasını əhəmiyyətindən danışıb. S.Musayev gənclərə mütaliə etmənin vacib olduğunu, mütaliənin onları inkişafa aparacağını qeyd edib. Direktor müavini gündəlik kitab oxumanın faydalarından ətraflı bəhs edib. O, kitabları qorumağın, onlara sevgi ilə yanaşmağın da əhəmiyyətli olduğunu söyləyib.

Sonda bu formatda tədbirlərin davamlı şəkildə keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Related Articles