Öyrənilmiş çarəsizlik

 Xəyal Abdullayev – yazıçı və təlimçi

Bəli öyrənilmiş çarəsizlik. Bu gün dünyada milyonlarla insanın uğursuz olmasının əsas səbəblərindən biri də elə məhz öyrənilmiş çarəsizlik sindromudur. Bu terminə bəzən müasir psixologiya elmində təlim edilmiş çarəsizlik də deyilir. İlk olaraq istərdim belə bir sual qoyaq və ətrafında düşünək.                                                    Nədir öyrənilmiş çarəsizlik? Ümumiyyətlə öyrənilmiş çarəsizlik necə olur ki, yaranır və bu harada baş verir? Bunu ən yaxşısı tədqiqatçı alimlərin apardığı bir eksperiment üzərində göstərmək və izah etmək istəyirəm. Deməli, günlərin bir günü alimlər belə bir eksperiment aparırlar. Onlar bir fil götürürlər. İlk olaraq dərman vasitəsilə onu yuxuya verir, sonra açıq sahəyə gətirir və möhkəm bir dirəyə zəncirlə bağlayırlar. Sonra aradan azca uzaqlaşaraq gedib gizlincə fili kənardan müşahidə edirlər. Görürlər ki, az sonra fil yuxudan oyanır və özünü dirəyə  zəncirlənmiş halda bağlı hiss edir. Fil bundan sıxılır və elə həmin andaca başlayır tərpəşməyə. Zənciri qırmağa cəhd edir. Tədqiqatçı alimlər görürlər ki, fil zənciri qıra bilmək üçün hardasa 20-30 dəfə zənciri qırmağa cəhd edir ancaq alınmır. Sonra fil yenidən nə qədər cəhd etsə də, lakin zənciri yenə qıra bilmir ki, bilmir. Beləcə fil  möhkəm yorulur, əldən düşür. Nəticədə ruh düşkünlüyünə qapılır. Fil bu zəncirdən artıq heç vaxt qurtula bilməyəcəyinə inanır. Bu psixoloji bir virus kimi onun beynində əmələ gəlmişdi. Fil orada hardasa 2 həftə dirəyə bağlı vəziyyətdə qalır.  Və beləcə bu hadisənin üzərindən 2 həftə keçəndən sonra alimlər həmin fili yenidən yuxuya verirlər. Bu səfər gedib fili dirəyə bağlayan zənciri tam boşaldırlar. Ona görə ki, filin yuxudan oyanaraq bu səfər nə edəcəyini görüb müəyyənləşdirsinlər. Belə də edirlər və gedib fili yenə kənardan müşahidə edirlər. Görürlər ki, fil yuxudan oyanır, lakin  fil artıq əvvəlki kimi enerjili, çılğın və təşəbbüskar görünmür. Çünki fil bu zaman ətalətdə idi. Zəncirin tam boşaldılmasına baxmayaraq fil hələ də zəncirlə dirəyə bağlı olduğuna inanırdı. Bu zəncirdən qurtulmaq üçün cəhd göstərmək isə ona boş və mənasız bir şey kimi görünürdü. Beynində belə bir şey formalaşmışdı ki, əgər atdığı ilk cəhdlər boşa çıxdısa, o birilər də boşa çıxacaq. Odur ki, bundan sonra da hərəkət etmək fil üçün mənasızdır. Yəni fil hesab edirdi ki, zəncirdən azad olmaq artıq onun üçün mümkün olmayacaq. Əslində bunlar hamısı filin öz beynində yaratdığı çarəsizlik idi ki psixologiyada  bu artıq termindir və buna öyrənilmiş çarəsizlik deyilir. Baxın öyrənilmiş çarəsizlik bu cür şeydir.Və onun yaradıcısı subyektin – insanın elə özüdür.  Çünki öyrənilmiş çarəsizlik yalnız beynin içərisində gedən bir acizlik prosesidir. Eyni zamanda onu da qeyd edim ki, öyrənilmiş çarəsizlik bu gün dünyanın hər bir ölkəsində – hər bir yerində milyonlarla insana virus kimi yoluxmuşdur. Bu psixoloji virus hərəkət etməkdə, irəli getməkdə – eləcə də uğur qazanmaqda insanlara həddindən artıq maneçilik törədir, hətta deyərdim insanları və onların potensialını iflic edir. İnsanların bu duruma salır nə salır? Onları bu duruma salan daha çox onların ilk addımlarını atdıqdan sonra qarşılaşdıqları ilk uğursuzluq və nəticəsizlik hallarıdır. Beləcə onlar tez həvəsdən düşürlər, üstəlik ətraflarından gələn demotivasiyalar (həvəsdənsalmalar) da bu həvəssizliyi getdikcə artırır və nəticədə onların beynində öyrənilmiş çarəsizlik yaranır. Əslində isə bu çarəsizlik psixoloji mövhumatdan (uydurma) başqa bir şey deyildir. Unutmayaq ki, özümüzü icazə verməyincə bu cür təlim edilmiş çarəsizlik durumuna bizi heç kəs sala bilməz. Həqiqətəndə həyatda çox şey özümüzdən asılıdır dostlar. Gəlin beynimizi bu cür viruslardan qoruyaq.

Bir cavab yazın

Back to top button