30 Mart 08:40

Paytaxt yollarında yol hərəkəti qaydalarının pozulması ilə bağlı ən yaxşı foto və video-süjet müsabiqəsi

Qalibləri qiymətli hədiyyələr gözləyir!
“Qanunsuz parklamalara qarşı mübarizə” ictimai hərəkatı və “Azadİnform” İnformasiya Agentliyi paytaxt yollarında yol hərəkəti qaydalarının pozulması ilə bağlı ən yaxşı foto və video-süjet müsabiqəsi elan edir. Müsabiqəyə hər bir şəxs qatıla bilər. Təqdim etdiyiniz foto və ya video-süjet istənilən yol hərəkəti qaydasının pozulması ilə bağlı ola bilər. Yarışmada iştirak etməyi arzulayanlar müəllifi olduqları foto və videonu www.NOPARKING.AZ informasiya portalındakı “Video və fotonuzu yükləyin” bölməsinə yükləməlidir. Bundan sonra həmin materiallar adı qeyd olunan saytda yer alacaq.
Müsabiqənin hər bir iştirakçısı qeydiyyatdan keçmədən çəkdiyi foto və ya videonu mobil telefon vasitəsilə də çox asan və rahat yolla həmin sayta yükləyə bilər.

Həmçinin qeyd edək ki, yarışma iştirakçılarının göndərdikləri foto və videoların sayına heç bir məhdudiyyət tətbiq olunmur. Göndərdiyiniz bütün foto və ya videolar qalibi müəyyən edərkən diqqətdən keçiriləcək.
Müsabiqəyə 2016-cı il martın 3-də start verilir. Foto və ya video göndərmək üçün son tarix 10 apreldir. Bundan sonra qaliblər müəyyən ediləcək. İlk üç yerin sahiblərinə mobil telefon kimi qiymətli hədiyyələr təqdim olunacaq.
Foto və ya video-süjet yollayarkən elektron ünvanınızı qeyd etməyi unutmayın! Əks təqdirdə qalib gəldiyiniz halda Sizinlə əlaqə yarada bilməyəcəyik.
Müsabiqəmizə qatılın və qalib olun!
Əlaqə: [email protected]
P.S. Heç kimə sirr deyil ki, bu gün paytaxt küçələrində yol hərəkəti qaydalarının pozulması hallarına tez-tez rast gəlinir. Sürət həddinin aşılması, avtomobillərin bir-biri ilə yarışa çıxması, qanunsuz parklamalar, sürücülərin tullantıları yolun ortasına atması kimi hallarla, demək olar ki, hər gün rastlaşırıq. Əfsuslar olsun ki, bir-birlərinə diqqət və hörmətlə yanaşmayan sürücülərin sürücülük mədəniyyəti bu gün istənilən səviyyədə deyil.
Az əvvəl qeyd etdiyimiz müsabiqəni təşkil etməkdə də məqsəd elə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltməkdir. İlk növbədə belə sürüclərimiz müsabiqəyə təqdim olunmuş foto və video-süjetlərdə özlərinə kənardan baxmaq imkanı əldə edəcəklər. Kim bilir, bəlkə də bundan sonra onlar sükan arxasında daha diqqətli və mədəni olmağa çalışacaqlar.
Gəlin, hər gün həyatımız üçün təhlükə yaradan, bizə stress yaşadan bu cür sürücülərlə özümüz mübarizə aparaq. Çünki artıq hər kəs dərk edib ki, yol hərəkəti qaydalarının pozulması hallarının qarşısını yalnız cərimə və sərt cəzalarla almaq mümkün deyil. Bu işdə təbliğat və maarifləndirmə ən güclü vasitədir. Ümid edirik ki, elan etdiyimiz müsabiqə yol hərəkəti qaydalarının pozulması hallarının azaldılmasına yönəlmiş ən faydalı maarifləndirici tədbirlərdən olacaq.
Onu da qeyd edək ki, bizə ünvanladığınız bütün videolar Bakı şəhər Dövlət Yol Polis İdarəsinə göndəriləcək ki, orada qaydanı pozmuş hər bir sürücü barəsində lazımi ölçü götürüləcək.

Bəyən və paylaş