Pedagoji Dizayner: Onlayn Dərsin Dizaynında 5 vacib məqam

Onlayn dərs maraqsızdır?

‘Son günlər, Azərbaycanda və Türkiyədəki orta məktəb və universitet müəllimlərinin Zoom və Skype-da keçdikləri dərslərə qatıldım. Gördüm ki, müəllimlər öz mövzularını əla bilir, kontenti hazırlayıblar, amma şagirdlərə dərsi sanki üz-üzə, sinifdəymiş kimi tədris edirlər. Baxmayarq ki, şagird və tələbələrin içində olduğu ortam məktəb deyil, evdir. Elə müəllimlər də sinifdən deyil, evlərindən, lövhədə deyil kompyuter üzərindən dərs deyirlər.

Sonunda ya şagirdlərin diqqəti yayılır, ‘dərs maraqsızdır’ düşünüb videonu söndürüb özünə maraqlı olan işlə məşğul olur, ya da dərsə ümumiyyətlə qatılmır.

Nəticədə, tələbənin də müəllimin də bu uzun onlayn mühazirələrə sərf etdiyi zaman hədər gedir. Hansı ki, onlayn dərs düzgün təşkil edildiyində daha əyləncəli və zaman baxımından çox sərfəlidir. Bəs onlayn dərsi maraqlı necə təşkil etməli?

Bunun üçün bir çox ölkələr onlayn dərslərin hazırlanmasında ixtisaslaşan Pedaqoji Dizaynerlərin köməyindən istifadə edir.

Pedaqoji Dizayner kimdir?

Əvvəlcə ondan başlayım ki, Pedaqoji Dizaynerlik yeni bir konsep deyil. 1944-cü ildə, ilk dəfə İkinci Dünya Müharibəsində, hərbçilərə peşəkar təlim materialları hazırlamaq və bacarıqlarını qiymətləndirmək üçün bu konseptdən istifadə olunub.

Psixoloq və pedaqoqların hazırladığı dəlillərə yönəlik və sərt qaydaları olan dizayn az keçmir ki, Pedaqoji Dizayner (PD) adlı xüsusi bir sahənin yaranmasına səbəb olur. Beləcə, insanların təlimdə real həyatda tətbiq edə biləcəyi bacarıq əldə etməsi üçün dünyanın bir çox təşkilatları təlim və təhsil proqramını PD-lə birgə işləyib hazırlamağa başladı.

  1. PD, onlayn təlim etdiyiniz mövzunu şagirdlərin daha yaxşı anlamasına və yadda saxlamasına kömək edir. 

PD hər hansı onlayn təlimi dizayn edəndə Kontent Üzrə Ekspertlərlə (KUE) birlikdə işləyir;

✅ təlimin əsas hədəfini müəyyənləşdirir,

✅ materialları təhlil edir,

✅ ekspertə öz kontentinə kənardan baxıb təlim prosesini yenidən analiz etməsinə, dərs demə metodu arasında balans yaratmağa və prosesi dərsin əsas hədəfinə uyğunlaşdırmağa peşəkar dəstək verir.

  1. PD, şagirdlərin dərsdə maksimum iştirakını və öyrənməsini təmin edir.

PD onlayn təlimi hazırlamazdan əvvəl şagirdlərin yaş qrupunu bilmək, onların öyrənmə xüsusiyyətlərini anlamaq üçün xüsusi araşdırma aparır. Əlbəttə ki, vegeteriyan olduğunu bildiyiniz birisinə ət yeməyi təklif etsəniz buna görə sizə ‘çox sağ ol’ deyən olmayacaq. (:

Peşəkar PD şagirdlərə və dərsə uyğun, cəlbedici pedaqoji aktivitələri, metodları seçir. Bunların peşəkar və dəqiq seçilməsi şagirdlərə öyrəndiklərinin nə qədər əhəmiyyətli olmasını anlamağa kömək edir ki, bu da şagirdin dərsdə iştirakını artırır.

Bütun bunların əsas kökündə PD-nin insan yaddaşının necə işləməsi, beyində öyrənmə prosesinin necə baş verməsini bilməsi dayanır. Bunları nəzərə almadan qurulan dərslərdən gözlənilən nəticə əldə etmək sadəlövlük olardı.

  1. PD kontenti və metodu necə seçməyi və hansına üstünlük verməli olduğunu bilir. 

Əvvəla deyim ki, dərsə qatılanları çoxlu kontentlə yükləyib, daha çox informasiya öyrənməyə məcbur etmək müəllimi lazım olan məqsədlərə çatdırmır. Çünki belə hallarda şagirdlər həddindən artıq yüklənmiş və çox həyəcanlı hiss edə bilər.

PD kontenti KUE ilə birlikdə təhlil edərək nəyin daha vacib olduğunu və şagirdlərin onu asan qavrayacağı formada təlim etməyin metodlarını müəyyənləşdirir.

Kontent təhlilində PD və KUE birlikdə müəyyən edir ki, şagird:

❓ nəyi bilməlidir (dərsin məqsədinə çatması üçün bilməsi vacib məlumat),

❓ nəyi bilməsi yaxşı olar (hansı məlumat əlavə oxu kimi verilə bilər),

❓ nəyi öyrənə bilər (bu məlumat dərs kontentinə əlavə olunmasa da olar, şagird maraq üçün bilsə yaxşı olar)

Bunları dəqiqləşdirməklə PD lazım olan məlumatı ehtiyac olan vaxtda şagirdlərə çatdırır ki, şagird özü nəyi necə öyrənəcəyinə qərar versin.

  1. PD onlayn təlim metodlarına uyğun nəzəri model seçir. 

Onlayn dərsi hazırlamaq həm yaradıcı, həm də bir elmdir. PD dərsi dizayn edəndə, tapdığı pedaqoji metodları, aktivitələri necə gəldi toplayıb tətbiq etmir.

Onlayn dərsi sifariş edən müştərinin məqsədinə uyğun nəzəri pedaqoji model seçir və ona uyğun dərs dizayn edir. Dərsin əsas hədəfinə çatması və doğru olanı etmək üçün düzgün modelin seçilməsi PD üçün çox vacibdir.

  1. PD dərsi sadəcə dizayn etmir, həm də öyrənmənin nəticələrini qiymətləndirir!

Şagirdlərin biliyini necə qiymətləndirəcəyini PD hələ dizaynın ilk mərhələlərində müəyyənləşdirir. KUE ilə birlikdə əvvəlcədən PD aydınlaşdırır ki, şagirdlərin hansı məlumatı daha yaxşı qavramasını və hansı bacarığı tətbiq etməsi vacibdir.

Buna görə də onlayn dərsin dizaynının ilkin mərləsində PD dolğun və qiymətləndirilə bilən öyrənmə məqsədini müəyyən edir. Məqsədlər dərs kontentinə uyğun olaraq bilik, bacarıq, praktika və s. əsaslı olur.

Ölçülə bilən məqsəd müəyyən edilməsə, gələcəkdə şagirdlərin dərsdən nəyi, necə və nə qədər öyrəndiyini ölçməkdə çətinlik yaranır. PD bu məqsədlərə çatmaqda sizin sağ əliniz olur. (:

Qısası, onlayn dərs sinifdə dediyiniz dərsi sadəcə onlayn platformadan keçmək demək deyil. Onun təşkili üçün PD- in köməyindən istifadə etmək lazımdır.

PD olmasa sizin onlayn dərsiniz iflasa uğrayası deyil, amma şagirdlər əldə etdiyi biliyi möhkəmləndirə, dərsdən real həyatda istifadə edə biləcəyi bilik, dayanıqlı bacarıq əldə edə bilməyəcək və öyrəndiklərini real həyatda necə istifadə etməsi məsələsində çətinlik yaşayacaq.

 

Elnarə Məmmədova

İnklüziv Pedaqoji Dizayner

Bir cavab yazın

Back to top button