Peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbuluna başlanılır

İlk dəfə olaraq peşə təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçiriləcəkdir.

Müsabiqə peşə təhsil müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılacaqdır. Müraciətlərin qeydiyyatı 14 – 21 aprel müddətində https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə həyata keçiriləcəkdir. Portal elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət və nəticələr barəsində məlumatlandırma üçün nəzərdə tutulub.

Müsabiqə elektron әrizәlәrin qәbulu, test imtahanı və müsahibә mәrhәləsindən ibarətdir. Seçim zamanı müvafiq vəzifə üzrə iş təcrübəsi və idarəçilik bacarıqlarının olması ümumi meyar olaraq qiymətləndiriləcəkdir.

Aşağıda göstərilən meyarlar üzrə tələblərə cavab verən şəxslər vakant olan vəzifələrə müraciət edə bilərlər.

  • Tədris-istehsalat üzrə direktor müavini vəzifəsi üzrə: ali pedaqoji və yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsil, 3 ildәn az olmayaraq ixtisasına uyğun sahədə əmək stajı və ya pedaqoji stajı;
  • Tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə: ali təhsil, pedaqoji sahədə 3 ildən az olmayaraq əmək stajı;
  • İnzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə: ali və ya orta ixtisas təhsili, inzibati-təsərrüfat işlərində təcrübə.

Bir cavab yazın

Back to top button