18 Fevral 17:57

Polis olmaq istəyənlərin nəzərinə

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2016-cı il fevralın 27-də saat 10:00-da Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər, rayon sakinlərini Şirvan şəhər Polis şöbəsində qəbul edəcək.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə, qəbula yazıla bilərlər.
Qəbul başa çatdıqdan sonra saat 12:00-da, Azərbaycanın daxili işlər naziri general-polkovnik R.Usubov tərəfindən Şirvan, Sabiabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər, rayon polis orqanlarında vakant olan orta, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Şirvan şəhər Polis şöbəsində sıra baxışı keçiriləcək.

Sıra baxışında yalnız qeyd olunan şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:
– Orta rəis heyəti vəzifələrinə – müddətli həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası almış (xarici dövlətlərin təhsil müəssisələrinin yalnız əyani şöbəsini bitirmiş və ixtisasları Azərbaycan Respublikasında tanınmış) yaşı 28-dən yuxarı olmayan, özü və yaxın qohumları məhkum olmamış Azərbaycan Respublikasının vətəndaşları;
– Sıravi və kiçik rəis heyəti vəzifələrinə – müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, 20 yaşından 25 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini (hüquqşünaslar həm də təhsil haqqında sənədini) təqdim etməlidirlər.
Müsabiqəyə yuxarıda qeyd olunan şəhər, rayon polis orqanlarında 35 orta rəis heyəti və 15 sıravi və kiçik rəis heyəti vəzifəsi elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.
Xarici dili bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)