portal.edu.az: çevik, keyfiyyətli, sadə və rahat

portal.edu.az: çevik, keyfiyyətli, sadə və rahat

Təhsillə bağlı elektron xidmətləri vahid məkanda birləşdirən platforma   Bir ildən artıqdır ki, bütün dünyada olduğu kimi Azərbaycanda da COVID-19 pandemiyasının törətdiyi çətinliklərlə üz-üzəyik. Çətinliklərin önündə gedən isə daha az təmas, daha az canlı ünsiyyətdir. Bu dönəmdə bəzi xidmətlərin məhdudlaşdırılması və ya fasilələrlə qapadılmaya getməsi artıq yeni formata keçilməsini labüd edirdi. Bəli, pandemiya şəraitində yaşayırıq. Ancaq işlər davam etməlidir. Və artıq yeni xidmətlərin yaradılmasına ciddi ehtiyac duyulurdu. Nəzərə alsaq ki, hər bir ailənin təhsillə bağlılığı var və ənənəvi həyatımızda bizim ən çox müraciət etdiyimiz sahələrdən biri də elə təhsildir. Və nə yaxşı ki, Təhsil Nazirliyi tərəfindən vəziyyətdən dolayı ötən müddət ərzində təhsil sahəsində müəyyən çətinliklərin aradan qaldırılması, təhsillə bağlı bir çox xidmətlərin elektronlaşması istiqamətində növbəti dəfə əsaslı addımlar atıldı.   Həm də nəzərə alsaq ki, ölkəmizdə elektron xidmətlər “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın, “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinə uyğun olaraq həyata keçirilir. Bu baxımdan təhsildə elektronlaşmanın, onun əhatə dairəsinin genişləndirilməsinin də artıq zamanın tələbi olduğunu görürük.   Məsələni xüsusi diqqətdə saxlayan Təhsil Nazirliyi vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün təhsillə bağlı xidmətlərinin elektronlaşdırılması sahəsində mühüm işlər həyata keçirir ki, onlardan biri də məhzportal.edu.azplatformasının istifadəyə verilməsi oldu.   Platforma özündə nəyi ehtiva edir?   portal.edu.az Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri vahid məkanda birləşdirən platformadır. Vətəndaşlar bir platformada qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə rahatlıqla müvafiq elektron xidmətlərdən faydalana bilmək imkanı qazanırlar.   İlk dəfə...   2020-2021-ci tədris ilində ilk dəfə olaraq peşə təhsili müəssisələrinə müəllimlərin, eləcə də direktor müavinlərinin işə qəbulu elektron qaydadaportal.edu.az elektron xidmətlər portalı üzərindən baş tutub. Xidmət vasitəsilə elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət, eləcə də nəticələr barəsində məlumatlandırmalar aparılır.  
Peşə təhsili pilləsi üzrə müəllim olmaq istəyənlərə portalda vakant olaraq müsabiqəyə çıxarılmış yerlərə elektron qaydada müraciət etmək, müvafiq sənədləri yükləmək, həmçinin müsabiqə mərhələsinə dəvət ilə bağlı məlumatlandırma imkanları yaradılmışdı ki, bu da vətəndaşlara arzuladıqları sahədə işləmək üçün heç bir maneə olmadan daha rahat şəkildə müraciət etmələri baxımından olduqca əlverişlidir. Özü də heç bir vaxt itkisinə yol vermədən, müraciətin daha çevik və operativ həll olunması portaldan istifadə edənlərin ürəyincə olub.
  Qeyd edək ki, xidmətin elektron formatda həyata keçirilməsində məqsəd də bu sahədə aparılan işlərin çevik və keyfiyyətli təşkilinə, müraciətlərin sadə və rahat şəkildə aparılmasına şərait yaratmaqdır. Burada vətəndaşların müraciətin hansı mərhələdə olduğunu izləmək imkanı vardır ki, bu da göstərilən xidmətin açıq və şəffaf formada təşkilinə zəmin yaradır.   Məktəbdənkənar təhsil müəssisələrində məşğul olmaq istəyənlər üçün   Platformada Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin müxtəlif dərnək və qruplarına üzv olmaq istəyənlər üçün elektron qeydiyyat sistemi də mövcuddur. Belə ki, sistemdən istifadə etmək istəyənlərportal.edu.az linki üzərindən qeydiyyatdan keçməklə şagirdlərin meyl və maraqlarına uyğun idman və yaradıcılıq istiqamətləri üzrə seçim edərək, müxtəlif dərnək və qruplara üzv olmaq üçün müraciət etmək imkanına malikdirlər.   Müsabiqə və olimpiadaların təşkili də elektronlaşdırılır   Platformanın ictimaiyyətə təqdim etdiyi təhsillə bağlı xidmətlərindən biri də müsabiqə və olimpiadaların idarəolunmasında tətbiq edilən yeni mexanizmləri özündə əks etdirən “Müsabiqə və olimpiadalar” bölməsidir. Bəli, artıq müsabiqə və olimpiadaların təşkili də elektronlaşdırılır. Belə ki, “Müsabiqə və olimpiadalar” bölməsi vasitəsi ilə”Ən yaxşı təqdimat” müasibiqəsinə ərizə qəbulu , respublika fənn olimpiadalarının təşkili həyata keçirilib. Olimpiadaların idarəolunmasında tətbiq olunan bu mexanizm proseslərin çevik və keyfiyyətli təşkilinə şərait yaradır. Üstünlükləri olduqca çoxdur. Məsələn, götürək ərizələrin elektron qəbulunu. Bu zaman şagirdlər heç yerə getmədən öz şəxsi kabinetləri vasitəsi ilə keçirilən müsabiqə və olimpiadalar barədə məlumat əldə edir və iştirak üçün rahat şəkildə müraciət edə bilirlər. Müraciət göndərildikdən sonra sistemdə şagirdlərə imtahan tarixi, məkanı və digər detallar qeyd olunmuş buraxılış vərəqələri təqdim edilir. Digər bir üstünlük məlumatların izlənilməsidir. Bu da şagirdlərə, həmçinin, şəxsi kabinetlərində öz nəticələrini, müsabiqə və olimpiadaların hazırda hansı mərhələdə olduğunu və digər yeniliklər barədə məlumatları izləmək imkanı verir. Bütövlükdə, bu, proseslərin mövcud statusu barədə çevik məlumat əldə edilməsini və istənilən məkandan yoxlanılmasını əlçatan edir. Sual yarana bilər ki, iştirakçıların mükafatlandırılması necə həyata keçiriləcək? Bu məsələ də öz həllini tapıb. Belə ki, olimpiada və müsabiqədə uğurla iştirak etmiş şagirdlərə sistemdə elektron nailiyyət sənədləri (sertifikatlar) təqdim edilməsi nəzərdə tutulur. Şagirdin iştirak etdiyi bütün müsabiqələr, nailiyyətləri və sertifikatları sistemdə saxlanılır və şəxsi kabinetdə öz əksini tapır. Proseslərin avtomatlaşdırılması daha çevikliyə və vaxt itkisinin minimuma endirilməsinə hesablanıb. Olimpiada və müsabiqələrin idarəolunmasının rəqəmsallaşdırılması sistemdə imtahan mərkəzlərinin təyin edilməsinə, müraciət edən şagirdlərin avtomatik olaraq imtahan mərkəzləri üzrə yerləşdirilməsinə, şagirdlərin ümumi siyahısına nəzarət etməyə, müvafiq hesabatların hazırlanmasına imkan verir.Sistemdə həmçinin əldə olunan nəticələrin monitorinqini aparmaq imkanı da var ki, bu da öz növbəsində, illər üzrə keçirilən müsabiqə və olimpiada nəticələrinin təhlil olunmasına və şagird nailiyyətlərinə əsasən effektiv tədris strategiyalarının hazırlanmasına şərait yaradır.   Magistratura və doktorantura səviyyələri üzrə təhsil müəssisələrinə portal.az-da elektron qeydiyyatdan keçməklə...   Ali təhsilin magistratura səviyyəsinə qəbul imtahanında uğur qazanmış gənclərimizəportal.edu.az platformasından qeydiyyatdan keçdikdən və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müəyyən tələb olunan prosedur qaydaları ilə tanış olmaq imkanı yaradılıb. Belə ki, açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi, eləcə də qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim olunması və təhsil haqqının icrası mümkündür.   Bir sözlə, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən sürətli qeydiyyat, təhsil haqqının onlayn ödənilməsi, sosial güzəşt üçün müraciət, eləcə də digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər. Bununla yanaşı, qeydiyyatla bağlı suallar yaranarsa, portalda “Vətəndaş müraciətləri” bölməsinə və ya 146 qaynar xətt nömrəsinə müraciət etmək mümkündür.  
Platformada həmçinin ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu da aparılır ki, bu da elmlə məşğul olmaq istəyən gənclərimizə portal üzərindən müraciətlərinin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə etmək imkanı yaradır. Platformada qeydiyyatdan keçən gənclər sürətli müraciət, müraciətin statusunun izlənilməsi, imtahan vaxtları , eləcə də imtahan nəticələri barədə məlumatları, təhsil haqqının ödənilməsi və digər təhsil xidmətlərinə inteqrasiya imkanları əldə edirlər.
  Göründüyü kimi, arzu və məqsədə nail olmağın daha əlçatan, daha rahat olması. Yetər ki, platformanın xidmərlərindən düzgün istifadə edək...   Elektron şəkildə daxil olan müraciətlər icra müddətini 2 dəfədən çox qısaldır   Platformanın ictimaiyyətə təqdim etdiyi xidmətlər gündən-günə genişlənməkdədir. Artıq Təhsil Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə adıçəkilən platformaya “Vətəndaş müraciətləri” xidməti əlavə olunub. Belə ki, xidmət bu sahədə aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətlərin elektron qaydada göndərilməsi, hər bir müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdıran bir sıra üstünlüklərə malikdir.   Vətəndaşlar tərəfindən Təhsil Nazirliyinə və tabeliyindəki qurumlara “Vətəndaş müraciətləri” elektron xidməti vasitəsi ilə göndərilən müraciətlər tətbiq olunmuş təkmil daxili (CRM) sistem hesabına daha qısa zaman çərçivəsində cavablandırılır. Ən diqqətçəkən məqam isə yazılı müraciətlərin icrası ilə müqayisədə elektron şəkildə daxil olan müraciətlər icra müddətini 2 dəfədən çox qısaltmış olur.  
Cari ilin 17 iyun tarixindən fəaliyyətə başlayan xidmətə bu günə qədər 1118 müraciət daxil olub və onlardan 939-na artıq cavab göndərilib. 179 müraciət baxılma ərəfəsindədir. Bu xidmət vasitəsindən yararlanan vətəndaşa 3 iş günü ərzində müraciət etdiyi məsələylə bağlı məlumat verilir.
  Əsas məqsədi vətəndaş müraciətlərinin operativ və çevik həlli, eləcə də vətəndaş məmnuniyyətinə nail olunmasıdır ki, bizcə də, qarşıya qoyulan məqsədə çatılıb. Bunu qeyd etdiyimiz statistik rəqəmlərdən də görmək olar ki, xidmətin fəaliyyətə başlamasından az bir müddət keçməsinə baxmayaraq vətəndaşlar belə bir müraciət formasından razıdırlar. Hər bir vətəndaşa platformada qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə rahatlıqla elektron qaydada müvafiq xidmətdən yararlanmaq imkanı yaradılıb.   Artıq arayışları almaq daha sürətli və rahat olacaq   Platformada tətbiq edilən növbəti yeniliklərdən biri də bu günlərdə elektron arayışlar xidmətinin istifadəyə verilməsidir. Xidmətin özəlliyi nədir və vətəndaşlar hansı arayış növlərini elektron formada əldə edə biləcəklər? İlk başda deyək ki, bu xidmət vasitəsilə arayışları almaq artıq daha asan, sürətli və rahat olacaq. İstifadəçilər ali, orta ixtisas və ya peşə təhsili pillələri üzrə təhsil almaları barədə arayış ala biləcəklər. Həmçinin platformanın bu xidməti sayəsində vətəndaşlarımız Dövlət Proqramı əsasında xaricdə təhsil almaq barədə arayışları daha rahat şəkildə əldə edəcəklər. Bu xidmətdən hələ ki, cari ildə təhsil alanlar istifadə edə bilər. Xidmət üzərində təkmilləşdirmə işləri davam edir və gələcəkdə əvvəlki illərin məzunları da bu xidmətdən yararlanacaq.  
Xidmət vasitəsilə Dövlət Proqramı əsasında xaricdə təhsil müəssisəsindən məzun olmaq barədə, həmçinin müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsi üzrə imtahan nəticələrinə dair arayışları da əldə etmək mümkündür.
  Adıçəkilən elektron arayışların alınması proseduru isə çox sadədir. İlk növbədəportal.edu.azplatformasına daxil olub qeydiyyatdan keçmək lazımdır. Daha sonra “Şəxsi kabinet”də elektron xidmətlər pəncərəsindən “Arayış əldə etmək üçün müraciət” bölməsi seçilir və müvafiq arayış növü üzrə müraciət göndərilir. Elektron arayışlar portalda avtomatik formalaşdırılır. Vətəndaşlar əldə edilən arayışı elektron formada və ya çap edərək aidiyyatı qurumlara təqdim edə bilərlər. Necə deyərlər, bu qədər sadə və əlçatan...   Onu da qeyd edək ki, elektron arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir, eyni zamanda, Təhsil Nazirliyinin saytında(edu.gov.az/az/yoxla)ID nömrə və müraciətçinin doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.   Şəffaflıq, vaxt itkisinin aradan qaldırılması və vətəndaş məmnuniyyəti   Beləliklə, Təhsil Nazirliyininportal.edu.azplatforması təhsillə bağlı elektron xidmətləri bir məkanda birləşdirərək vətəndaşlar üçün müxtəlif proseslərin elektron sistem vasitəsilə həyata keçirməklə vaxt itkisinin aradan qaldırılmasında, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Tətbiq edilən bu yeniliyin ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmasının digər başlıca səbəblərindən biri də şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin edilməsidir.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az