Qalstuklular + Xəyalpərəstlər = ?

Qalstuklular + Xəyalpərəstlər = ?

Səhər tezdən rəhbəriniz siz daxil bütün işçiləri toplayıb qısa bir çıxış edir:

Evlərinizə gedin və düşünün. Fərqli ideyası olanlar gəlsinlər və işlərinə davam etsinlər. “Ən yaxşı” ikincilər isə evlərindən çıxmasınlar.

“Yəqin ki, adama nəsə içiriblər, ya da başına nəsə düşüb.” – dedinizsə, söhbətimiz maraqlı olacaq deməli 🙂

1960-cı illərin sıradan bir səhərində Ford şirkətinin rəhbəri II Henry Ford yuxarıda qeyd etdiyim ifadələrlə çıxış edir. Bu çıxışdan sonra işçilərdən Lee İacocca fərqli bir “dəlilik” ilə geri gəlir: “Ferrari kimi düşünməliyik! Ford avtomobilləri sürət yarışlarına qatılmalıdır.”

Əla! Amma Ford sürət maşınları istehsal etmir axı, bu necə olacaq?

Təklif edilir ki, Ford şirkəti həmin illərdəki ən önəmli sürət yarışı olan Le Mans-ın qalibi, gənclərin sevimlisi olan italiyan şirkəti Ferrarini satın alsın. Səhifələrlə sənədlər hazırlanır, xüsusi komanda Enzo Ferrari ilə görüşə gedir. Hər şey yaxşı davam edir, ancaq birdən Enzo əməkdaşlığı qəbul etdikdə şirkətinin yarışlara qatıla bilməyəcəyini öyrənir. Beləliklə də, tərs italiyan tərəfi tutur və Henry Fordu təhqir edib komandasını əli boş yola salır 🙂

Bəs Ford bunu öyrənib sakit dayanar heç? Əmr verir ki, ən yaşxı mühəndislər və sürücüləri toplasınlar:

“Mənə Ferrarini əzəcək bir avtomobil yaradın!”

Şirkətin ilk sınaqları uğursuz olur və 3 avtomobil də yarışda sıradan çıxır. Bundan sonra isə 2 əsas qəhrəmanımız məsələyə daxil olur: Carroll ShelbyKen Miles.

Ford bu layihə üçün Amerikada ən yaxşı yarış avtomobil təsisçisi və pilotu olan Carroll Shelby ilə razılaşır. Onun da ilk işi komandasına Keni dəvət etmək olur. Əlbəttə ki, qalstuklulara nifrət edən Ken bu təklifi ilk öncə qəbul etmir, amma test sürüşü edəndən sonra sevgisi tərsliyinə qalib gəlir.

Bəs bu Ken Miles kimdir?

Çox təcrübəli avtomexanik, sürət maşınları ilə sadə dildə desək, “eşq yaşayan”, tərs və açıqsözlü bir adamdır. Elə bu tərsliyi də Ford komandasının onu sevməməsinə səbəb olur.

Bu iki dost aylarla Ford GT 40 üzərində işləyirlər. Ken Miles saatlarla çəkən sürüşlər edir və maşının hər bir detalını bu yolla inkişaf etdirirlər.

1966-cı ildə Ford komandası daha hazırlıqlı şəkildə Le Mans yarışlarına qatılır. 24 saat çəkən yarış Ford və Ferrari sürücüləri arasındakı çəkişmə ilə davam edir.

Yarışın sonlarına doğru Ken Miles bütün Ferrari və Ford pilotlarını geridə qoyur. Amma Ford rəhbərliyinin Miles üçün xoş olmayan bir planı var. Əmr verirlər ki, hər üç Ford pilotu bitiş xəttini eyni anda keçsin. Belə də olur. Ken Miles sürətini azaldır və digər sürüclərlə birgə yarışı bitirir. Amma nəzərə alınmayan bir məsələ olur ki, Bruce Mclaren yarışa daha geridən başlayıb. Beləliklə, birinci yer Bruce, ikinci yer isə Ken olur.

Amma sonda görürük ki, Ken üçün önəmli olan o yarışı birinci bitirmək, çox pul qazanmaq və s. deyil. Önəmli olan şey avtomobilə, sürətə olan bağlılığıdır.

Bu yarışdan sonra Ferrari Fiat-a satılır.

Ken Miles yarışlardan 2 ay sonra yeni GT 40-ı test edərkən qəzaya uğrayaraq həyatını itirir.

Bəzən sevdiyiniz və inandığınızı digərləri mənasız, gərəksiz görür və sizi ağılsız adlandırır. Bu vaxta qədər könüllü fəaliyyətimi eşidib “özünün qədrini bil”, “sənin yerində başqası olsa, indi nələr qazanırdı (burda söhbət ancaq puldan gedir)” deyən fədakar yoldaşları çox görmüşəm, görməyə də davam edəcəm. Amma hər dəfəsində bunları deyənlərə baxanda 9-6 rejimli robotları görürəm. Üzrlü hesab edin, amma həyat “işləmək” üçün çox qısadır, mən sadəcə inandıqlarımın arxasınca gedirəm 🙂

Miles eşqinə bir dəmli çay içib üzərində addımladığınız yola nəzər salın, dostlar. İstiqamət haradır?

Film üçün keçid: https://720pizle.org/detay/ford-v-ferrari.html

Fatma Gurbanova

Bir cavab yazın

Back to top button