Qarabağ gəncləri natiqlik və debat bacarıqlarını nümayiş etdirdilər
İyunun 7-də "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, "Böyük Qayıdış" Gənclər Təşkilatının tərəfdaşlığı ilə keçirilən Qarabağ gənclərinin "De-Qayıdış" debat müsabiqəsi final və bağlanış mərasimi baş tutub.
Tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatları Tural Gəncəliyev, Vüqar Bayramov, Şahin Seyidzadə, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, "Böyük Qayıdış" Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov "Vətəndaş Cəmiyyətində Debat" (DVC) İctimai Birliyinin sədri Ülviyyə Axundova və Qarabağ gəncləri iştirak edib.
Debat müsabiqəsinin finalında Ağdərə və Füzuli rayonlarını təmsil edən "052" komandası (Hafiz Rəhimov, İlhan Əsgərov) ilə Laçın və Füzuli rayonunu təmsil edən "Xarı Bülbül" komandası (Günel Şirinli, Nurənə Qasımova) qarşılaşıb. Final oyununun hakimlərinin verdiyi nəticəyə əsasən "052" komandası debat müsabiqəsinin qalibi olub.
Tədbirdə açılış nitqini edən DVC sədri Ülviyyə Axundova “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin aktuallıq və əhəmiyyət kəsb edən, gənclərin şəxsi inkişafına yönələn mövzularda həyata keçirilən layihələri, xüsusən də “De-Qayıdış” debat müsabiqəsinin fəaliyyəti, iştirakçıların məhz Qarabağın müxtəlif bölgələrindən olması və ilk dəfə iştirak etdikləri debatlardakı uğurlu çıxışları barədə məlumat verib. Tədbirdə iştirak edən rəsmi qonaqlar Qarabağa qayıdış prosesinin sürətlə davam etdiyi zamanda həyata keçirilən layihənin əhəmiyyətini, debat və natiqliyin gənclərin həyatındakı rolunun vacibliyini vurğulayıb və iştirakçılara uğurlar arzulayıblar.
Müsabiqədə 10 ən yaxşı natiq də seçilib. Natiqlər sıralama şəklində belədir: 1-ci ən yaxşı natiq Hafiz Rəhimov (Ağdərə), 2-ci ən yaxşı natiq, Günel Şirinli (Füzuli), 3-cü ən yaxşı natiq, Gülüstan Kərimli (Füzuli), 4-cü ən yaxşı natiq Toğrul Qiyaslı (Xankəndi), 5-ci ən yaxşı natiq Sevinc Məhərrəmova (Ağdam), 6-cı ən yaxşı natiq Fidan Cəbrayılova (Qubadlı), 7-ci ən yaxşı natiq Nuranə Qasımova (Laçın), 8-ci ən yaxşı natiq İlhan Əsgərov (Füzuli), 9-cu ən yaxşı natiq Aytac Quliyeva (Füzuli), 10-cu ən yaxşı natiq isə Nuranə Cəbrayılova (Cəbrayıl) olub.
Fevral-may aylarını əhatə edən "De-Qayıdış" debat müsabiqəsində Ağdam, Cəbrayıl, Füzuli, Şuşa, Ağdərə, Xankəndi, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarından olan 100-dən çox gənc "Qarabağa qayıdış prosesində əsas rolu oynayır: dövlət yoxsa, cəmiyyət?” mövzusunda debatlar aparıblar. Müsabiqə çərçivəsində 100-dən çox gənc üçün 25-dən artıq debat və natiqlik təlimləri, mövzu və ekspert görüşləri, 46 debat oyunu keçirilib. Müsabiqənin məqsədi Prezident İlham Əliyevin “Böyük Qayıdış başlayır” ifadəsinin gənclər tərəfindən dəstəklənməsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq və yerli platformalarda gənclərin təmsil olunması üçün Qarabağ gəncləri arasında natiqlik mədəniyyətini inkişaf etdirmək, onların qərar vermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur