18 Noyabr 21:17

“Qlobal dərs” təlim proqramına qeydiyyat başladı

“Qlobal dərs” təlim proqramına qeydiyyat başladı.

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) Avropa İttifaqının “Bacarıqların artırılması və vətəndaşların iştirakı ilə Sülh Quruculuğu” (PeaCE) layihəsi çərçivəsində, Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu tərəfindən birgə maliyyələşdirilən və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşlığı ilə təşkil olunan “Qlobal dərs” təlim proqramı 25-30 noyabr tarixlərində həyata keçiriləcəkdir.

“Qlobal dərs” təlim proqramının məqsədi:

Təlim proqramı gələcəkdə pedaqoji sahə üzrə fəaliyyət göstərəcək gənclərin tədris prosesində qeyri-formal tədris metodlarının tətbiqi ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, insanlara qarşı həssas yanaşma və empatiya kimi peşəkar vərdişlər formalaşdırmaq məqsədi daşıyır.

İştirakçılar layihə çərçivəsində Sinifdə və həyatda dinc birgə yaşam prinsiplərinin tətbiqi üsulları, Dayanıqlı İnkişaf Məqsədləri, Bullinq, İnformasiya və Kommunikasiya Texnologiyalarının təlim prosesinə təsiri kimi ümumilikdə 10 mövzuda interaktiv təlimlərin iştirakçısı olmaq şansı əldə edəcəklər.

Kimlər müraciət edə bilər:
– 18-30 yaş arası müəllimlər;
– Müəllimlik ixtisası üzrə təhsil alan və ya ali təhsilini yeni bitirmiş şəxslər.

Qeydiyyat

Qeyd:
– Yalnız ilkin seçimdən keçmiş şəxslər müsahibəyə çağırılacaqlar;
Təlim proqramı ödənişsizdir və təlimlər Azərbaycan dilində keçiriləcəkdir;
Müraciətlər arasından yalnız 20 iştirakçı seçiləcəkdir;
Təlimdə iştirakını uğurla başa vurmuş şəxslərə sertifikatlar veriləcəkdir.

Təlimin keçiriləcəyi məkan: Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (Mir Cəlal küçəsi 71)

Müraciət üçün son tarix: 23 noyabr 2019.

Layihə ilə bağlı hər hansı bir sualınız olacağı təqdirdə bizimlə bu e-mail vasitəsi ilə əlaqə saxlaya bilərsiniz: [email protected]

Bəyən və paylaş