19 Yanvar 23:41

Rəssamın gözü ilə: Əli bəy Hüseynzadənin sənəti

Əli bəy Hüseynzadə (1864-1940) xalqımızın milli mənlik şüurunun oyanışında və intişarında, onun ictimai, siyasi, elmi-pedaqoji, ədəbi və mədəni həyatında, eləcə də Azərbaycanda müasir demokratik cəmiyyət quruculuğunda mühüm rol oynamış görkəmli ictimai xadimlərdən və Azərbaycançılıq ideologiyasının banilərindən biridir. O, həmçinin 1918-1920-ci illərdə AXC əsas ideyasını formalaşdıran “Füyuzat” dərgisinin təsisçisidir. Əli bəy Hüseynzadə həm də rəssam kimi şöhrət qazanıb, boyakarlığın müxtəlif janrlarında, mənzərə, məişət mövzularında əsərlər və portretlər yaradıb. Onun “Bibi-Heybət məscidi” tablosu, “Şeyxülislam” portreti, “Atatürk” portreti və digər əsərləri Azərbaycan rəssamlığı sənətinə mühüm töhfədir.

Sizi yanvarın 21-i “Rəssamın gözü ilə” layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından biri, publisist, şair, rəssam, filosof, alim, jurnalist və həkim Əli bəy Hüseynzadəyə həsr olunmuş görüşə dəvət edirik.

Tədbir Azərbaycan İstiqlal Muzeyinin direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Sədi Mirseyibli tərəfindən keçiriləcək. O, Əli bəy Hüseynzadənin yaradıcılıq yolunun və fəaliyyətinin çoxsahəliliyi, o dövrə aid olan bədii proseslər və sənətkarın həyatında baş vermiş maraqlı hadisələr haqda danışacaq.

Sədi Mirseyibli Azərbaycan Turizm İnstitutunda 2007-2011-ci illərdə Muzeyşünaslıq-Diyarşünaslıq ixtisası üzrə təhsil alıb. 2010-cu ildən Azərbaycan İstiqlal Muzeyində elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. Hal-hazırda Azərbaycan İstiqlal Muzeyinin direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edir.

Tədbir zamanı iştirakçılar, Əli bəy Hüseynzadənin sərgidə nümayiş olunan əsərləri ilə də tanış ola biləcəklər.

21 yanvar, 19:00
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (YARAT Mərkəzinin yanı)
Giriş sərbəstdir

Məlumat üçün: (012) 505 7718; (050) 251 41 15

Bəyən və paylaş