“Salyan məktəblərində inklüziv təhsilin təbliği və təkmilləşdirilməsi” layihəsinin açılışı olub
Salyan şəhərində “Salyan məktəblərində inklüziv təhsilin təbliği və təkmilləşdirilməsi” layihəsinin açılış mərasimi keçirilib.
Mərasim Salyan şəhər Y.Qasımov adına 4 saylı tam orta məktəbində baş tutub.
Layihə rəhbəri Zeynəb Əsədovanın verdiyi məlumata görə, layihənin məqsədi inklüziv təhsil islahatının bir parçasına çevrilərək Salyan rayonunda sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması yönündə maarifləndirmə işi aparacaq və onlarla ümumtəhsil müəssisələrində işləyəcək inklüziv müəllimlərin hazırlanması və inklüziv siniflərin yaradılmasından ibarətdir. Salyan rayonu məktəblərinə “inklüziv təhsil” anlayışı gətirməklə seçiləcək 5 məktəbdə sağlamlıq imkanları məhdud olan uşaqları adi siniflərdə təhsilə cəlb edərək digər məktəblərə nümunə yaratmaq, başlanğıc olaraq, yüngül əlliliyi olan evdə təhsil alan və ya tamamilə təhsildən kənar qalmış ən azı 10 uşağı ümumi təhsilə cəlb edərək inklüziv siniflər yaratmaq, müəllimləri əllilliyin növləri və sinifdəki bütün uşaqların ehtiyaclarını nəzərə alaraq qurulan tədris strategiyaları əsas olaraq layihənin vəzifələridir.
Layihə icrası Salyan rayonunda 5 tam orta məktəb və 1 inteqrasiya təlimli internat tipli gimzaniya daxil olmaqla, 6 ümumtəhsil müəssisəsini əhatə edəcək. Bundan başqa, təlimlərə inteqrasiya təlimli internat tipli gimnaziyanın müəllimləri də cəlb olunacaq ki, bu da məktəb müəllimləri və artıq əllil uşaqlarla işləmiş müəllimlər arasında əməkdaşlığa səbəb olacaq. Onlar layihə bitdikdən sonra da dərs planlarının hazırlanması, tədris strategiyalarının seçilməsi və s. məsələlərdə müzakirə aparmağa və birgə çalışmağa davam edəcək. Artıq məktəblər seçilib və təbliğat işləri təşkil edilib və onların direktorlarına layihə haqqında təqdimat edilib. Sonra iştirakçı qrupuna 5 gün ərzində bütün günü əhatə etməklə intensiv təlimlər keçiriləcək. Təlimlər interaktiv metodlarla keçiriləcək və 7 mövzunu əhatə edəcək. Daha sonra laborantlar, müəllimlər və müavinlər icmalarında inklüziv təhsilin faydaları haqqında maarifləndirmə işi aparacaq, valideynlər ilə görüşlər keçirərək sağlamlıq imkanları məhdud uşaqları həmin tədris ilində ümumtəhsil müəssisələrinə cəlb edəcək. Həmçinin müəllimlər öz şagirdləri arasında “Müxtəliflik, Əlillik və İnklüzivlik” istiqamətində maarifləndirmə işləri aparacaq, onlarla birlikdə bu məzmunda posterlər hazırlayacaq. Eyni zamanda hər bir müəllim siniflərinə cəlb elədikləri əlil uşaq(lar) üçün 3 aylıq Fərdi Təlim Planı və qiymətləndirmə üsulu tərtib edəcək.
Ümumiyyətlə layihə Salyan rayonunda sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnun qabaqcıl müdafiəçisi olmaqla, ümumtəhsil müəssisələrində inklüzivliyin təmin olunmasına təkan verəcək.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur