18 Noyabr 15:19

Şedevr-Əsər – Qadın…

İnsan. Bəşəriyyətin yaranmış və parçalanmış qollarında gözlərini açmış mövqe. Bu, daha çox yaradıb, insan qaranlığına tərk edilmiş yaradana, təşəkkürə layiqdir. Çünki indi insanlar hər şeyə fərqli yanaşırlar, doğruları kiçildir, yanlışları böyüdüb kütlələrin həqiqət ənənəsinə çevirirlər. Bilmək maraqlıdır. Görəsən, doğurdan da varmısan? Axı bu qədər gözəllik… Axı bu qədər gözəlliyi yaradan, sən niyə qeyb olub insan qaranlığına qərq olasan ki?!… Axı niyə yaratdıqların arasında gözəllikləri də görmürsən?.. Bəlkə də, görürsən, amma bizə qısqanırsan bunları… Bilirsən? Mən də görürəm. Bu gün yalnız sənin yaratdığın, amma mənim diqqət yetirdiyim gözəllik ilahəsindən yazacam.

Qadın. O, Ədən bağında, ilk yaratdığın Adəmin qabırğasından, tayı-bərabəri olmayan, bizim təsəvvürümüzdə ecazkar gözəllikdən, füsunkar və ağılı başdan alan əsrarəngiz incəlikdən – ondan – Qadından yazacam. Bilirsən, bu yarattığın gözəllikdən hər saniyə danışa bilərəm… Dəqiqələrlə, saatlarla, günlərlə… illərlə. Elə gözəldir ki, Qadın… Heç haqqında danışmadan ağıla elə gözəl fikirlər gəlir ki, qorxuram dilimə gətirim. Birdən mən gördüyümü onlar da, görsə? Bu bədənimi lərzəyə salan gözəlliyi onlar da görsə? Necə olar? İçimə qaranlıqdakı sakitliktək qapıl. Mənim ol. Sənlə nəfəs alım. Sənlə xoşbəxt olum. Sənlə bədbəxt olum. Sənlə ağlayım. Sənlə gülüm. Məgər sənin əlin əlinə dəydiyin kəslərin, Adəmlərin əllərində güllər açmazmı? Məgər sənin əlinin toxunduğu vücudlarda, onları isti, həzzverici və xoş zəriflik hissi yeyib bitirməzmi? Axı səni necə paylaşım, Qadın?! Belə bir ecazkar, həzzverici ətrinlə almısan məni ağuşuna. Axı səndən necə vaz keçim, gözəllik ilahəsi? Saçlarının rayihəsi, parlaq gözlərinin işığı, incə və ağ bədəninin dərisi, hər gözünü səhərə qonaq etdikdə o titrədərək acdığın gözlərinin quş lələyitək uzanıb incələn sıx kiprikləri, mənim bədənimin zəlzələsinə səbəb olan həzzverici, içinə çəkə-çəkə attığın incə qəh-qəhələrin…

Məni dəli edirsən. Sənsiz yaşamaq istəmirəm. Səni istəyirəm. Səni içimə çəkim istəyirəm. Mən alım sənin aldığın nəfəsi istəyirəm… İn-Yan işarəsi – bir kitabda oxumuşdum ki, qadınla kişi Çin fəlsəfəsində yaranmış İn-Yan işarəsinə bənzəyir. Bilirsən niyə? Çünki İn-Yan işarəsi sərtliyi və zərifliyi, işığı və qaranlığı, ayı və günəşi, gecəni və gündüzü, yeri və göyü, soyuğu və istini, heç nəyi və hər şeyi – ən əsası isə ağı və qaranı özündə birləşdirir və simvolizə edir. Bu iki işarə birləşib gettikcə daha da sıxlaşmaqla və sürət həddini aşaraq fırlanmaqla günəş hər açılan səhərə öz şüasını saçdığıtək ətrafa öz enerjisini saçır. Qadınla kişidə belədir. Birləşib bir-birlərində tamamlanırlar. Bir-birlərinə ağ-qara rənglərtək axır, əvəzolunmaz tərkib yaradırlar. Özləridən yaratdıqları zərif, ehtiraslı sevgilərini ətrafa dağıdırlar. Dünya ilə paylaşıb, toxunduqları her şeyi daha da əsrarangizləşdirir, müxtəlif çalarlı rənglərlə boyayırlar. Mən sənə möhtacam, Qadın. Sən isə mənə… Kəpənək işıqdan necə həzz alıb o işığın istisindən ölürsə, mən də sənin gözəlliyindən elə rahatlıq tapıram. Amma bu rahatlıq bütün vücudumu lərzəyə salır. Özümdə heç vaxt olmadığı qədər qəribə sevinc hiss edirəm və ümid edirəm ki, bu sevinc məni məhv etməyəcək…

Ləman İmanova

Bəyən və paylaş

Rəylər

rəy(lər)