6 Oktyabr 11:43

“Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqları münasibətləri” adlı sərgi keçiriləcək

Oktyabrın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqları münasibətləri” adlı sərgi təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli İncəsənət Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşəbbüsü ilə Osmanlı arxivlərində Azərbaycan xanlıqları arasında mövcud olan münasibətlərin, siyasi məktublaşmaların, səfirliklərə olunan hədiyyə təqdimatlarının yer aldığı rəsmi sənədləri ictimaiyyətə təqdim etmək məqsədilə açılacaq.

Əsrlərdən gələn dostluq və qardaşlıq münasibətlərinin inkişafına öz layiqli töhfəsini verəcək sərgidə Osmanlı dövləti və Azərbaycan xanlıqları arasında məktub, əmr, fərman və hədiyyə təqdimatlarının yer aldığı 29 rəsmi sənədin surəti təqdim ediləcək.

Sərgidə Azərbaycan xanlarına kömək etmələrinə dair Çıldır valisi Süleyman paşanın “24 aprel 1783-cü il tarixli əmri”, Tiflis xanı İrakliyə qarşı Dağıstan və Azərbaycan xanları ilə birləşərək mübarizə aparmaq haqqında Şamaxı xanının qardaşı Ağası xana Sultan I Əbdülhəmidin “1786-cı il tarixli fərmanı”, Sultan II Mahmudun Dağıstan hakimi Surxay xan, Quba xanı Şeyxəli xana, Şəki xanı Səlim xana və digər Azərbaycan xanlarına “13 mart 1813-cü il tarixli məktubları” kimi sənədlər yer alır.

Qeyd edək ki, sərgi oktyabrın 13-dək davam edəcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)