Səyyar sərgi: "Dumanlar başımda dastana döndü". Gəncə

YARAT Müasir İncəsənət Məkanı yerli rəssamların və fotoqrafların əsərlərindən ibarət "Dumanlar başımda dastana döndü" adlı qrup sərgisini təqdim edir. İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhəri, dinc əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin episentrilərindən biri olmuşdur. Dağlıq Qarabağ münaqişəsinə və zəfər hadisələrinə həsr olunmuş bu sərgi, ilk dəfə olaraq Gəncə şəhərinə səyahət edir.
Məkan: Gəncə şəhəri, Məhsəti Gəncəvi Mərkəzi (Əttarlar küçəsi, 1) Açılış: 8 iyul, 15:00 Sərginin müddəti: 8 iyul – 25 sentyabr Sərginin iş rejimi: Bazar ertəsi – Cümə, saat 10:00 – 18:00 Giriş ödənişsizdir
Dağlıq Qarabağ münaqişəsi tarixə Cənubi Qafqazda cərəyan edən ən faciəli toqquşmalardan biri kimi daxil olmaqla, regionun latent konfliktlərindən biri idi. Son ayların hadisələri bu münaqişənin aktiv fazaya keçərək, əldə olunmuş nəticələrlə bütün regionun geosiyasi xəritəsini dəyişdirdi. Donmuş münaqişə statusundan çıxaraq, Azərbaycanın həm hərbi, həm də siyasi müstəvidə qələbəsi ilə yekunlaşan 44 günlük Vətən Müharibəsi, ən yeni tariximizə qızıl hərflərlə yazılmış ilk səhifələrindən oldu...
YARAT-ın "Dumanlar başımda dastana döndü" adı altında birləşən qrup sərgisi illərdir davam edən Qarabağ münaqişəsini təsir və nəticələr aspektindən açıqlayır. Sərgi müharibə təfərrüatlarının və siyasi münaqişələrin travmatik yaddaşını gündəmə gətirir. Ekspozisiya müharibədən qabaqkı nə sülh, nə hərb illərinə səslənərək, regionun ən həssas probleminə köklənir və bu mürəkkəb səyahətin gedişatını əks etdirir. Bununla yanaşı, tarixi analiz edərək, onun qərəzli dövr və epizodlarının qiymətləndirilməsi, cəmiyyət və mədəniyyətin uğradığı deformasiya və zədələrinin sənədləşdirilməsinə əsaslanır və xalqın bu çətin dövrlərinin müşahidəçisi qismində çıxış edir. Hərbi münaqişələrin nəticələri və siyasi böhranlarla yaxından bələd olanların simasında toplanılan əsərlər milli konteksti araşdırır və universal, fövqəlmilli səciyyə kəsb edən sualları ortaya çıxarır.
"Dumanlar başımda dastana döndü" həm şəxsi, həm də ümumi yanaşma prizmalarından keçərək, Qarabağ məsələsində yeni etapın gəlib çatmasından bəhs edir. Ümumbəşər tarix üçün çox qısa, lakin lokal kontekstdə uzun işğal dövrü kimi tarixdə qalan 27 illik bu müddət, müxtəlif nəsillərin üzləşdiyi fərqli siyasi durum və sosial reallıqları əks etdirir. Bu reallıqlar arasında kəsişən paralellərin olmadığını nəzərə çatdıraraq, nümayiş olunan əsərlər qələbəyə aparan yollardan danışır.
Sərginin adı, Vətən Müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış Vətən yaxşıdır mahnısından götürülüb. Bu mahnı, həmçinin sərgidə nümayiş olunan Rəşad Ələkbərovun instalyasiyasının tərkib hissəsidir.
Beləliklə, ekspozisiyada Ağababa Bağırov, Elnur Babayev, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərli, Rəşad Ələkbərov, Xalid Əsgərov, Mirnaib Həsənoğlu, Əli Qafarov, Cavid Qurbanov, Oleq Litvin, Əli Rza və Nurəhməd Vəliyev kimi rəssam və fotoqrafların instalyasiya, fotoqrafiya, və rəqəmsal sənət əsərləri ilə dialoqa girərək, artıq həll olunmuş Qarabağ münaqişəsinin mürəkkəb pazlını tamamlayır. Ekspozisiyaya YARAT Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.
Ənənəvi olaraq "Dumanlar başımda dastana döndü" səyyar sərgisi əsasında yerli mütəxəssislər tərəfindən təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Proqram çərçivəsində iştirakçılar müasir incəsənət sahəsində rəqəmsal dünya və virtual reallıq mövzularını araşdırıb, həmçinin, incəsənətdə müxtəlif ünsiyyət kanalları mövzusuna dair seminarlarda iştirak edəcəklər.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Məhsəti Gəncəvi Mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçirilir.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az