“Skal Bakı”nın 19-cu toplantısı maraqlı müzakirələrlə yadda qalıb

Dekabrın 22-də “Divan Express Baku” hotelində Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyasının (“Skal İnternational”) Bakı klubunun 19-cu toplantısı keçirilib.

Azərbaycan turizm sənayesi peşəkarlarının iştirakı ilə baş tutan tədbirdə “Skal İnternational Baku” klubunun prezidenti Cəfər Cəfərov çıxış edərək bildirib ki, hazırda dünyanın 83 ölkəsində 381 skal klubu fəaliyyət göstərir ki, bu təşkilatların da 16 mindən çox üzvü var: “2009-cu ildən Azərbaycanda fəaliyyətə başlayan “Skal Bakı”nın 37 nəfər üzvü var. Bunlardan 27 nəfəri aktiv, 10 nəfər isə yankskaldır. Bu say zamanla dəyişir, çünki skal dinamik bir təşkilatdır. Ümumilikdə götürdükdə, Azərbaycanda skala maraq böyükdür. Təşkilatımıza müraciət edənlər var və bu toplantıda onlara üzvlük vəsiqələri təqdim ediləcək”.

“Skal İnternational Baku” klubunun vitse-prezidenti Ceyhun Aşurov  İspanyada keçirilmiş “Beynəlxalq Skal 2015” Konqresində dünya skalçılarının illik toplantısı və nəticələri haqqında qısa təqdimat etdi. Ceyhun Aşurov bildirdi ki, bu toplantının əsas məqsədi “Skal İnternational”a yeni başqanın seçilməsidir. Çünki təşkilatın sədri hər il dəyişir.

“SKALİTE 2015” haqqında məlumat verən klubun sabiq prezidenti Ruslan Quliyev qeyd edib ki, İstanbulda baş tutan tədbirdə Azərbaycan skalçıları da təmsil olunub. Onun sözlərinə görə, sülh, barış və müxtəlif mədəniyyətlərin təbliğinə həsr olunmuş tədbirin iştirakçılarına ölkəmizdə turizmin inkişafı ilə bağlı ətraflı məlumat da çatdırılıb.

Auditorlar Palatası sədrinin elmi metodiki məsələlər üzrə müşaviri Nəcəf Talıbov “Turizm müəssisələrində audit aparılmasına dair” proqram layihəsini təqdim edib.   O bildirib ki, Azərbaycanda 14 audit proqramı var. Bu proqramlar müxtəlif sahələri əhatə edir. Turizmə dair audit proqramı isə ilk dəfə hazırlanıb. Mütəxəssisin sözlərinə görə, audit təftiş deyil, maliyyə-iqtisad yoxlamasıdır. Nəcəf Talıbov yeni hazırlanmış proqram-layihəsinin Mədəniyyət və Turizm Naziliyinə təqdim edildiyini də diqqətə çatdırıb.

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov qeyd edib ki, turizm müəssisələri rəhbərlərinin bu sənədlə tanış olması vacibdir. Çünki sənəd müəssisələrdə maliyyə sənədləşməsinin düzgün aparılması üçündür.

“Divan Express Baku” hotelinin baş meneceri Murat Yıldızsafer rəhbərlik etdiyi hotel haqqında iştirakçılara məlumat verib.

Daha sonra təşkilatın yeni üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir skal tostunun qaldırılması ilə başa çatıb.

Bir cavab yazın

Back to top button