“Söz” ədəbi layihəsində növbəti görüş

Dekabrın 16-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində növbəti tədbir keçirildi.

“Söz” layihəsi Azərbaycanın yazıçı və şairləri ilə görüşlər kontekstində cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılması məqsədi daşıyır.

Layihənin budəfəki qonağı Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev idi.

Ədəbi-bədii gecəyə tanınmış mədəniyyət, ədəbiyyat xadimləri və Çingiz Abdullayevin yaradıcılığının pərəstişkarları toplanmışdı.

Tədbirin aparıcısı, layihənin rəhbəri Nigar Həsənzadənin qısa təqdimatından sonra söz yazıçıya verildi.

Detektiv əsərləri ilə dünyanın onlarla dilinə tərcümə olunaraq milyonlarla tirajla nəşr edilən Çingiz Abdullayev həyat və yaradıcılığı barədə ona ünvanlanan sualları cavablandırdı, yeni yaradıcılıq planlarından, ədəbi prosesə münasibətindən danışdı.

Xalq yazıçısı “Söz” ədəbi layihəsi haqqında da fikirlərini bölüşdü. Bildirdi ki, layihə ölkəmizin mədəniyyətinin təbliği, klassik və müasir ədəbiyyatının dünyada tanıdılması, yeni istedadlı yazarların üzə çıxarılıb dəstəklənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Tamaşaçıların maraqla qarşıladığı tədbirdə ədəbi-bədii kompozisiyalar da təqdim olundu.

Qeyd edək ki, ədəbi-bədii axşamlar ənənəsini bərpa etmək məqsədilə layihə çərçivəsində hər ay iki dəfə belə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Tədbirlərdə arzu edən hər kəs ölkəmizin ədəbiyyat korifeyləri, gənc yazarları, eləcə də dünya ədəbiyyatı nümayəndələri ilə tanış ola bilərlər.

Qeyd edək ki, bu, “Söz” ədəbi layihəsinin ikinci tədbiri idi.

Bir cavab yazın

Back to top button