30 İyul 13:59

Tanınmış həkim Vasif İsmayıl universitet seçimindən yazdı

Tanınmış həkim Vasif İsmayıl facebook sosial şəbəkəsindəki hesabında universitet seçimi barədə yazıb və abituriyentlərə tövsiyələrini verib. Paylaşımı olduğu kimi təqdim edirik:

Hansı universiteti seçək?

Mənim övladlarımın ixtisas seçməsinə hələ 3-4 il var. Doğrusu, onların yerinə biz seçmişik, deyəsən. Onları həkim olmağa məcbur etməyəcəm, amma təbabəti reklam etmək haqqımdır.

Bəli, övladlarımın həkim olmasını istəyirəm.

Amma, dediyim kimi, məcbur etməyəcəm.

Həkimliyi özüm niyə seçdim?

Ailədə həkim xalatı geyinən yeganə insan dayım Faiq idi. Rəhmətlik o zamankı Şaumyan rayonunun çox sakininin dişlərinə qulluq etmişdi.

Həkimliyi seçməyimdə 2 əsas səbəb var idi.

  1. Cərrahlığı sevirdim.
  2. Bizim kimi cəmiyyətlərdə həkimlik ən asan peşədir.

Daha doğrusu, peşə olduğu üçün asandır.

İndi bir çox gəncin qarşısında ixtisas seçimi dayanır. Görürəm.

Nə seçərdim?

Sevdiyinizi.

Dəbdə olanı deyil, sevdiyinizi.

Bu, ilk şərtdir.

Əlbəttə, çağdaş dünyada istədiyiniz zaman universitet dəyişə bilərsiniz. Amma hər universitet dəyişikliyi, inanın, boşanmaq kimi bir şeydir.

Ciddi ehtiyac olmadığı müddətcə, məsləhət deyil, yəni.

İxtisas seçərkən yaşadığımız cəmiyyəti mütləq nəzərə almalıyıq. Azərbaycan sanki Messi zərbə vursa, topun meydançadan kənara çıxacağı qədər balaca bir yerdir.

Demək, sizlərə dünyaya açıla biləcəyiniz bir ixtisas lazımdır.

Hər ixtisasda dünyaya açılmaq olar. Burada işin sirri təhsil ocağındadır.

Əlbəttə, həkimlik üçün Azərbaycanda ancaq Tibb Universitetimiz var. Amma digər ixtisaslarda seçim bir az çoxdur.

Mən, üst-üstə 12 il təhsil almışam. Bir şeyi əminliklə söyləyə bilərəm ki, təhsil ocağındakı abu-hava, xüsusilə də müəllimlərin motivasiyası çox vacibdir.

Məsələn, bir müəllim çox təcrübəlidir, titullarından keçilməz, amma öyrətmək həvəsi yoxdur. Onun yeganə dərdi özünün təriflənməsi üçün rəhbərlik və məsul şəxslərin qarşısında dilənçilik etməkdir.

Beləsi sizə lazımdırmı?

Elə yerlər də var ki, müəllim motivasiyalıdır, öyrətmək, özü də öyrənmək üçün can atır, amma mühit azad deyil və müəllim müəyyən çərçivəyə sıxışır.

Məndən sizə məsləhət….seçəcəyiniz universitetdəki tələbə və müəllimlərdən səviyyə olaraq çox yuxarı atlamağınız mümkün deyildir.

Başından yuxarı tullana bilməzsən məsəli.

Elə isə seçəcəyiniz universitetin tələbələri və müəllim heyətinə baxın.

Elə buradan, yəni Facebook-dan.

Siz mənim canım, kimləri görürsünüz?

Parlaq tələbələrin daha çox gözə dəydiyi universitetlər Qafqaz, Qərb universitetləri və Ali Neft məktəbidir.

Dar ixtisas məktəblərini, məsələn konservatoriya, incəsənət akademiyasını saymıram əlbəttə.

Qafqaz Universitet döndü oldu Mühəndislik məktəbi. Orada müəllim işləyən çox dostum var. Onlara da inanıram. Amma qatığın necə tutduğunu anlamaq üçün gərək gözləyib, sonra üstünü açıb baxasan. Mühəndislik məktəbinin hələ üstünü açmaq lazımdır. Kifayət qədər gözlədik.

Mənim şəxsən bəyəndiyim iki məktəb var.

Qərb Universiteti və Ali Neft məktəbi.

Hər ikisində də mühazirə demişəm.

Hər ikisində camaatı motivasiya edəcəm deyə, özüm qaza gəlmişdim. Mühit o qədər canlı, tələbələr o qədər biliyə ac idilər.

Bundan çox şey asılıdır.

Bir də, bir az təəssübkeşlik edəcəm.

Qərb Unviersitetində Tinay Müşdiyeva fəlsəfədən dərs deyir. O xanımın yazdıqlarını oxumaq mənə ləzzət edir. Gör hələ dərsində nələr olur, özünüz düşünün.

Bəyən və paylaş

Rəylər

rəy(lər)