5 İyul 11:44

Taus Maxaçeva və Zadi Ça / sərgilərin nümayişi

YARAT Müasir İncəsənət Məkanı 12 iyul – 29 sentyabr tarixlərində çoxprofilli rəssam Taus Maxaçevanın “Şarivari” və koreya-kanadalı sənətçi Zadi Ça-nın “Maqohalminin uşağı və yaradılış sədası” adlı fərdi sərgilərini təqdim edir.

Taus Maxaçeva / “Şarivari”

Geniş yaradıcılıq təcrübəsinə performans, film, qida məhsulların və obyektlərin daxil olduğu rəssam, bu dəfə interaktiv multimedia instalyasiyasını təqdim edir. İnstalyasiya ümumilikdə SSRİ sirkinin ənənələrinə, ələlxüsus Bakı Dövlət Sirkinin tarixinə həsr olunmuş, yenicə təqdim edilmiş əsərlər vasitəsilə Qafqaz müasirliyini araşdırır. Memar Mariya Serova, yazıçı Aleksandr Sneqiryov və geyim üzrə rəssam Panika Derevya ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış monumental, çoxlaylı instalyasiyaya mərkəzi heykəltəraşlıq elementi də daxildir. Bu element sərgi müddətində genişləndiriləcək və nizamsız, daim inkişaf edən “şarivari” sirk ruhunu vurğulayacaq.

Aparıcı əyləncə növü olmasına baxmayaraq, Sovet sirki nisbətən senzurasız mühit təqdim edirdi. Burada ən cəsarətli və hünərli bəyanatlar vizual və fiziki dil vasitəsilə ifadə edilirdi. Faktlar və uydurma vasitəsilə, bu instalyasiya sovet dövründən postsovet paradiqmasına keçid dövrü, habelə post-postsovet dövrünün bir neçə gələcəyinə qədər, ənənələr, müasirlik və mədəni autentiklik (əsillik) arasında daim dəyişən münasibətləri aşkara çıxarır.

“Şarivari” termini, spesifik sirk hərəkətinə – sinxron şəkildə təqdim edilən çoxjanrlı fərdi və qrup çıxışlarından ibarət kütləvi sirk tamaşasına istinad edir. Hər bir hərəkət və ritm get-gedə sürətlənir və tamaşanın texniki mürəkkəbliyi də artır; sanki, artistlər bir-birləri ilə rəqabət aparır, öz komik istedadları və məharətlərini, bacarıqlarını, cəsarətlərini və xarakterlərini nümayiş etdirirlər. Çıxışın sonunda, manej, havada süzən və salto vuran obrazlarla dolu olur.

Taus Maxaçevanın Azərbaycan Milli Arxivinin təqdim etdiyi arxiv sənədləri, filmlər və fotoşəkillərdən hazırlanmış instalyasiyası, xaotik, xəyali sirk mühitini yaradır və bura ən qeyri-adi, qəribə məxluqlarla doludur: danışan at, sintetik ayılar, şirin cəhəngində gimnast, gimnastın içində isə qoyun, güclü qadın-mühasib, gümüşü torlu milçək bunlardan sadəcə bir neçəsidir. Tamaşaçıya insan-heyvan piramidasının sirk arenasında doğmaq, VR (virtual reallıq) təcrübəsi və bir çox digər fantastik təcrübələrdə iştirak etmək imkanı təklif olunur. Bu təcrübələr, zirək, adətən ziddiyyətli sosial-siyasi qeydlər kimi çıxış edir. Rəssam, müasir zamanın son dərəcə sərsəm sirk prizması vasitəsilə uzaq keçmiş və yaxın gələcək haqqında hekayələr danışır.

Sərginin kuratoru Suad Qarayeva-Malekidir

Bakı Milli Sirkinin direktoru Vaqif Bağırzadə, sirk tarixçisi Rəcəb Məmmədov, Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru Əsgər Rəsulov, gimnast Tamilla Nəzirova, kloun Lada Sanatskaya, heyvan təlimçiləri Tofiq Axundov və Rauf Rəsulov, sirk şouları və konsertlərinin direktoru Vladimir Vavilov, arxivçi Aida Babazadə və şairə Leyli Salayevaya xüsusi təşəkkürlərimizi bildiririk!

Rəssam haqqında
Taus Maxaçeva (d.1983) Rusiyanın Moskva şəhərində yaşayır və fəaliyyət göstərir. O, müxtəlif mədəniyyətlər və ənənələrin bir-birilə təmasda olduğu zaman nələrin baş verdiyini təhlil edən fəaliyyəti və video əsərləri ilə məşhurdur. Mədəni baxımdan mənşəyi Qafqazın Dağıstan regionundan olan və Moskvada böyümüş sənətçinin təcrübəsi onun sovetləşmədən əvvəlki və sonrakı dövrlərdə eyni anda mövcud olan dünyalarla şəxsi əlaqəsinə əsaslanır. Çox zaman yumoristik tərzdə olan əsərlərində o, müasir dünyada təsvirlər, obyektlər və bədənlərin çevikliyini sınaqdan çıxarmağa çalışır.
Taus Maxaçeva Qoldsmit Universitetindən İncəsənət üzrə bakalavr dərəcəsi (2007) və Kral İncəsənət Kollecində magistr dərəcəsi (2013) üzrə təhsil almışdır.

Seçilmiş sərgilərə Liverpul Biennalesi (2018), İnçuan Biennalesi (2018), Riqa Müasir İncəsənət Biennalesi (2018), Venesiya Biennalesi (2017); Qaraj Triennalesi, (Qaraj Müasir İncəsənət Muzeyi, 2017); ON/OFF Muzeyi (Pompidu Mərkəzi, 2016); Şanxay Biennalesi (2016); Kiyev Biennalesi (2015); Moskva Biennalesi (2015, 2011) və Şarja Biennalesi (2013) daxildir. Taus Maxaçeva 6-cı Moskva Biennalesinin Müasir İncəsənət Fondunun mükafatı (Moskva, 2015), Leypsiq Müasir İncəsənət Muzeyinin “Avropanın gələcəyi” mükafatı (2014) və “Yeni nəsil – innovasiya” Dövlət mükafatına (2012) layiq görülüb.

YARAT haqqında
YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT (“yaratmaq” mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.

YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YARAT Emalatxanaları, geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları da dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.

2015-ci ilin oktyabrında, YARAT, Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM (“tərəqqi” mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və ARTIM Lab proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu kəşf etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarının məkanında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.

Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, ictimai proqramlar, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.

Media və təsvirlər üçün əlaqə:
Hökümə Kərimova
Telefon: +99 450 274 67 44
E/poçt: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)