TOYOTA FƏLSƏFƏSİ

Hal-hazırda oxuduğum CİPD kvalifikasiyasının modullarının birində belə tapşırıq vardı: “İşləmək istədiyiniz hər hansı bir şirkəti araşdırın və nə üçün həmin şirkətdə çalışmaq istədiyinizi izah edin”.

Google-da “dünyanın ən məşhur 10 şirkəti” axtarışı verdikdən sonra (elə Google özü də bu siyahıya başçılıq edirdi), bu şirkətlər arasında “Toyota Motor”u seçdim. Səbəb yapon ekzotikasını, Kayzen fəlsəfəsini sevməyimlə bağlı idi. Beləliklə, “Toyota Motor”u araşdırmağa başladım.

Müəlliflərinin Jeff Rey K. Liker, Michael Hoseus. “The heart and soul of the Toyota way” adlı kitabını oxudum. Burada Toyotanın tarixindən başlamış, istehsalı, korporativ mədəniyyəti, əməkdaşlarına münasibəti, idarəetmə fəlsəfəsinədək çox maraqlı məlumatlar tapmaq olar. Toyotanın idarəetmə prinsiplərində digər şirkətlərin nümunə ala biləcəyi çox şeylər var.

Toyota fəaliyyətinə ilk əvvəl dəzgahların istehsalı ilə başlayıb və uzun müddət ancaq bu işlə məşğul olub.

Məni ən çox təəccübləndirən fakt Toyotanın həm də Yaponiyanın ən böyük tikinti şirkətlərindən biri olması oldu. Şirkət pəncərə çərçivələrinin hazırlanmasından tutmuş, mətbəxlərin, elit koteclərin quraşdırılmasına qədər bir sıra işlər həyata keçirir. Toyota xırda qayıqlar və katerlər istehsal edir. Həmçinin robot istehsalına da böyük diqqət yetirir.

Toyotanın Antarktidadan başqa, dünyanın hər yerində nöqtələri var. Toyota Carolla avtomobili dünyann ən çox satılan avtomobilidir.

Gələk, öz sahəmizə: insan resurslarının idarə olunmasına. Toyotanın belə bir şüarı var:

“Biz təkcə avtomobillər deyil, həm də insanları yaradırıq”.

Hər yeni məhsul, hər qüsurlu məhsul və ya buraxılmış səhv Toyotada insanların inkişafının təmin edilməsinə yönəlir. “Toyota Motor”un Şimalı Amerikadakı rəhbərindən soruşduqda ki, “Amerika menecerlərini öyrətməkdə ən çox nədə əziyyət çəkdiniz”, o cavab vermişdi: “Onlar öyrənmək yox, ancaq rəhbərlik etmək istəyirdilər”.

Toyotada hər bir menecer – müəllimdir. İstedadların kəşf edilməsi və onlara şəraitin yaradılması Toyota konsepsiyasının əsas faktorlarından biridir. Əgər hər hansı bir müəssisədə istedadlı, qabiliyyətli işçilər işləyirsə, o zaman müəssisənin qarşılaşaccağı problemlərin böyük bir qismi yaranmadan yox olur deməkdir.

Toyota heç vaxt əvvəl qazandığı uğurlarına arxayın olaraq, onların kölgəsində gizlənmir. İş mühitində hamı “hər şey yaxşıdır, amma daha da yaxşı ola bilərdi” prinsipi ilə hərəkət edir.

Toyota simic, hər qəpiyini güdən şirkət təsiri bağışlayır: Yaponiyadaki ofislərdə nahar yeməyi zamanı hər yerdə işıqları söndürürlər. Bütün əməkdaşlar böyük bir otaqda bir yerdə otururlar. LAKİN: Toyota ofisdəki avadanlıqlar və əməkdaşlarının kvalifikasiyalarının artırılması üçün təlimlərə böyük məbləğdə pullar xərcləyir.

Ünsiyyət hansısa bir iyerarxiya üzərində qurulmayıb. Toyotada qısa və konkret danışmaq qəbul edilir: iclasda prezentasiyanın sadəcə bir slaydında bütün məsələlər əks etdirilə bilər.

Toyotada insan kapitalının müvəffəqiyyətə aparan əsas faktor olduğu birmənalı olaraq qəbul edilir. Dünyanın bir sıra ölkələrinə yayıldıqca, Toyota ilk növbədə həmin ölkənin əsas dəyərlərini öyrənir. 15 illik uzun bir müddət ərzində “Toyota Way 2001” adlı idarəetmə fəlsəfəsi meydana çıxdı. Həmçinin “Dao Tayota prinsipləri” bir sıra digər şirkətlər üçün də nümunədir.

Ən diqqətimi çəkən prinsiplər:

Prinsip 12. Situasiyanı anlamaq üçün, hər şeyi öz gözünlə görməlisən (qenti qenbutsu). 

Prinsip 13. Qərarları tələsmədən, konsensus əsasında, bütün mümkün variantları təhlil edərək qəbul et. 

Toyota komanda ruhunda işləməyi sevir. Buradakı əməkdaşlar heç vaxt şəxsi qənaətlərinə görə deyil, ümumi mənafe naminə çalışırlar.

Nəhayət ən vacib məqam… Toyota mədəniyyətinin əsas elementi sosial fərqlərin aradan qaldırılmasıdır, şirkətin fəlsəfəsinə görə hər bir işçi müəssisənin bir parçasıdır. Müəssisənin rəhbər işçiləri və sıravi əməkdaşlar arasında heç bir fərq qoyulmur. Belə ki:

–      Hami üçün eyni dres-kod;

–      Rəhbər işçilər üçün parkinq yerlərinin olmaması: kim tez gəlirsə, qarşısına çıxan ilk boş yerdə maşınını saxlayır;

–      Rəhbər işçilər üçün ayrıca yeməkxananın və ya yeməklərin olmaması – hamı eyni yerdə yeyir və s..

Sevinj Garakishiyeva

Bir cavab yazın

Back to top button