Ucqar kənd məktəbində Harvard və Stanford nümunəsi

Ucqar kənd məktəbində Harvard və Stanford nümunəsi. Məzunlardan bitirdikləri məktəbə böyük dəstək! İngilis xeyriyyəçisi Con Harvard öz mülkünün yarısını və kitabxanasının 400 kitabını yeni yaranmış təhsil müəssisəsinə bağışlamışdı. Onun ianə etdiyi bu müəssisə 2 ixtisasdan ibarət kiçik kollec idi. Həmin kiçik kollec bu gün dünya nüfuzlu Harvard Universitetinə çevrilib, onun kitabxanası qitənin ən kütləvi kitabxanalarından biridir və universitet minnətdarlıq üçün Harvard adlandırılıb. Belə yerli nümunələr də var. Vaxtilə Zeynalabdin Tağıyev, Musa Nağıyev və digərlər kimi məktəb açan, xaricdə tələbələrin oxumasına dəstək verən şəxsiyyətlərimiz olub. Həmçinin, Harvard və Stanford kimi dünyanın nüfuzlu universitetlərinin məzunları iş həyatına başlayandan sonra öz universitetlərinin fondlarına ianələr edirlər. Buna görə də həmin universitetlər maliyyə baxımından daha güclü hala gəlir və tələbələrə təqaüd dəstəyi göstərə bilirlər. Balakən rayonu, “Rauf Hədisov” adına Yeni Şərif kənd tam orta məktəbinin məzunları da məzun olduğu məktəblərinə bu ənənəni əsas götürərək əllərindən gələn dəstəyi göstərməyə çalışırlar. Bu ənənəni nəsildən nəsilə ötürməyi özlərinə hədəf qoyublar. Benjamin Franklin deyirdi: “Təhsilsiz dahi mədəndəki gümüşə bənzəyir”. Yeni Şərif kənd tam orta məktəbinin məzunları həmin o gümüşləri, qızılları üzə çıxarmaq üçün çalışır. İllər öncə təşkil edilmiş “Şəhid Rauf Hədisov” adına təqaüd proqramının uğurla davam etdirilməsinə dəstək göstərir. Müəllimlər suallar hazırlayırlar, Yeni Şərif bələdiyyəsi müsabiqə qaliblərini gəzintiyə aparır. Məktəbin məzunları ianələr edərək müsabiqə qaliblərinə mükafat təqdim edirlər. Zaman keçdikcə parıldayanların sayı və rəqabət artır. Şagirdlərin motivasiyası yüksəlir və daha çox çalışırlar. Təqaüd proqramına dəstək göstərən məzunlar belə deyir: Biz bu orta məktəbin məzunları olaraq təqaüd proqramına məktəb, ailə və cəmiyyət üçlüyü kimi baxırıq. Təhsilli insanların sayı artdıqca ailədə və cəmiyyətdə müsbətə doğru dəyişiklik olacağına inanırıq. Bu ilin Son Zəng tədbiri başa çatdıqdan sonra növbəti müsabiqənin qalibləri təltif edilib. Tədbirdə müsabiqənin rəhbəri Tinov Bağmanov, Yeni Şərif bələdiyyə sədri Murtuzəli Nuriyev, , “Rauf Hədisov” adına Yeni Şərif tam orta məktəbinin direktoru və məzunları iştirak ediblər. Müsabiqənin bundan sonra da uğurla davam etdirilməsinin vacibliyini vurğulayıblar. Rauf Hədisov adına təqaüd proqramının hekayəsi: 20 il öncədən başlayaraq Azərbaycanın ucqar kənd məktəblərindən biri- Balakən rayonu, Yeni Şərif kənd tam orta məktəbində məktəbin adını daşıyan I Qarabağ müharibəsi şəhidi Rauf Hədisov adına təqaüd müsabiqəsi keçirilir. Təqaüd müsabiqəsi qaliblərinə mükafatla yanaşı üzərində şəhid Rauf Hədisovun adı olan döş nişanları da təqdim olunur.   Üzərindən 20 il keçməsinə baxmayaraq həmin təqaüd müsabiqəsinin qalib məzunları bu döş nişanlarını xatirə kimi saxlayıb, illər sonra təqaüd müsabiqəsinin yeni formatda təşkil edilməsinə təşəbbüs və maliyyə dəstəyi göstəriblər. Bu təşəbbüs Balakən rayonu, Yeni Şərif bələdiyyəsi tərəfindən qəbul edilib və icrasına salınıb. Həmçinin bu qərar Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilib.   Yeni Şərif tam orta məktəbi məzunlarının təşəbbüsü, məktəbin rəhbərliyi və kollektivinin təşkilatçılığı, Yeni Şərif bələdiyyəsinin icrasına salınaraq 2020-2021-ci dərs ilindən başlayaraq 5-11-ci sinif şagirdləri üçün Rauf Hədisov adına təqaüd müsabiqəsi yeni formatda keçirilir.   Qeyd edək ki, təqaüd proqramının rəhbəri 2005-ci ildə “Qabaqcıl Təhsil İşçisi” fəxri adına layiq görülmüş, 2015-ci ildə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif olunmuş Tinov Bağmanovdur.       Qeyd: “Təhsil haqqında” Qanunun 38-ci maddəsinə görə də, təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
 

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az