Uğursuzluqlar bizi irəli aparır…

Adını xatırlamadığım bir müəllifin sözləridir: “Başqalarının səhvlərindən nəticə çıxarın. Ömrümüz o qədər uzun deyil ki, bütün səhvləri özümüz edək”.

Nədir uğursuzluq?

  • Kiminə görə üzüntü, peşmanlıq, özünü buraxdığı səhvlərə görə ittiham etmək hissi.
  • Kiminə görə isə səhvlərdən nəticə çıxarıb dərs almaq. Gələcəkdə eyni səhvləri buraxmamaq üçün səy göstərmək.

Təəssüf ki, günümüzdə hamı 100 faiz mükəmməl olmağa (daha döğrusu, görünməyə) çalışır. Ona görə də bəzən zəif nöqtələrimizi özümüz-özümüzə belə etiraf etməkdən belə çəkinirik.

Lakin nəzərə alaq: BİZ HƏR GÜN TƏRİFLƏNDİYİMİZDƏ MÜKƏMMƏLLƏŞMİRİK. BİZİ MÜKƏMMƏLLƏŞDİRƏN SƏHVLƏRİMİZDİR.

Ona görə səhvlərimizə faciə kimi yox, bizi irəli aparan amil kimi baxaq. Nəyi düz, nəyi səhv etdiyimizi analiz edək.

1-ci şərt – keçmişdə ilişib qalmamaqdır. İnciklik, nifrət hissini yox etmək, bağışlamağı bacarmaqdır. Əgər Siz özünüzün və ya başqalarının keçmişində ilişib qalmısınızsa, həm buna çox böyük enerjinizi sərf etmiş olacaqsınız, həm də səhvlərdən nəticə çıxarmaq yerinə daha böyük yanlışlıqlar edəcəksiniz.

2-ci şərt – üzr istəməyi bacarmaqdır. Səhvinizə görə təəssüfləndiyinizi etiraf etmək – alicənablıqdır. Lakin hər dəqiqəbaşı bunu dilə gətirmək artıq zəiflikdir.

3-cü şərt – yaşadığınız hər bir məqamı təcrübə kimi dəyərləndirməkdir. Uğursuz təcrübəyə görə ruhdan düşməyin. Növbəti dəfə daha yaxşı olacaq. Sadəcə qorxmayın, çəkinməyin, risk edin.

Bir məqama da diqqət edək.

Bəzi insanlar səhv etdiklərini anlamırlar. Çünki onlar nə özləri özlərinə hesabat verir, nə də hərəkətlərinin başqalarına necə təsir etdiyini fikirləşirlər.

Bəziləri isə səhv etdiklərini bilir, lakin özlərini yox, başqalarını günahlandırırlar. Bu tip insanlarla bir kollektivdə işləmək, ünsiyyətdə olmaq çox çətindir.

Uzun sözün qısası, mən öz səhvlərimi sevirəm. Çünki, mənim MƏN olmağımda onlara borcluyam.

Düzdür, səhvlər psixoloji sarsıntısız ötüşmür. Amma psixoloji dözümlülüyümüz artır. Güclü oluruq!

Sevinc Qarakişiyeva

Bir cavab yazın

Back to top button