UNEC-də “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında görüşlərə start verilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında görüşlərə start verilib. Edumap.az-a verilən məlumata görə, təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən həyata keçirilən ilk görüşdə təhsil mütəxəssisləri və QHT nümayəndələri qış imtahan sessiyasının gedişini izləyiblər.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Azərbaycan Təhsil Şurasının sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, “Azad Müəllimlər” Birliyinin sədri Məlahət Mürşüdlü, təhsil üzrə mütəxəssislər Nadir İsrafilov və Böyükağa Mikayıllıdan ibarət nümayəndə heyəti UNEC-in bütün tədris binalarında olublar. İmtahan prosesini yaxından izləyən və tələbələrlə söhbət edən müşahidəçilər sonda UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər.

UNEC-in innovativ metodlarla idarə olunduğunu və bunun dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı üçün mühüm şərtlərdən biri olduğunu bildiriblər. Universitetdə tələbə biliyinin qiymətləndiriləsində yeni mərhələyə qədəm qoyulduğunu müşahidə etdiklərini bildirərək, bu təcrübənin digər ali məktəblərdə də tətbiq olunmasını məqsədəuyğun hesab ediblər. Müşahidəçilər “biliyə düzgün qiymət vermək dövlətə ən böyük xidmətdir” deyərək, həm də UNEC-in elektron universitetə çevrilməsinin dövlətin elektron hökumət siyasətinin həyata keçirilməsinə dəstək olduğunu vurğulayıblar. 500 tələbənin bir saat ərzində imtahan verməsi və elektron apellyasiyanın tələbənin vaxtına qənaət etməsi üçün mühüm amil olduğunu da qeyd ediblər.

UNEC-də qış imtahan sessiyası fevralın 1-dək davam edəcək. Sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün bütün şərait yaradılıb.

732fce80-f984-4df9-95d8-589a1b0ecd06 649784e1-451c-4ebf-a592-24e36a7406af a31be233-3eb4-49fa-a204-30a88674b35e b4f93033-17cc-4a54-91f4-8c116c65389d

Bir cavab yazın

Back to top button