17 May 10:29

Uşaq Atletikasının inkişaf etdirilməsi üçün “Kids Athletics Azerbaijan” adlı seminar keçirilib

14-15 may tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Beynəlxalq Atletika Federasiyası və Azərbaycan Atletika Federasiyasının dəstəyi ilə Azərbaycanda Uşaq Atletikasının inkişaf etdirilməsi üçün “Kids Athletics Azerbaijan” adlı seminar keçirilib.

 

Məşğələlər Beynəlxalq Atletika Federasiyasının “Kids Athletics “ proqramı üzrə I dərəcəli mühazirəçiləri və Azərbaycan Atletika Federasiyasının məşqçi-müəllimləri Ceyhun Hüseynov və Aqil Paşayev tərəfindən keçirilmişdir.

 

İki gün davam edən seminarda həm nəzəri, həm də praktiki məşğələlər daxil olmaqla, orta ümumtəhsil məktəblərindən olan 30-a yaxın fəal fiziki tərbiyə müəllimi, məşqçi-müəllim iştirak etmişdir.

 

Seminarın proqramının praktiki hissəsində 5-6-cı sinif şagirdlərinin iştirakı ilə maraqlı uşaq atletikası yarışı keçirilmişdir. Tədbirin sonunda müəllimlərə sertifikatlar, məktəblilərə isə diplomlar təqdim olunub.

 

Qeyd edək ki, Beynəlxalq Atletika Federasiyasının (BAF) təqdim etdiyi “Uşaq atletikası” proqramı 2005-ci ildə yaradılıb və hazırda əhatə dairəsinə görə dünyanın ən geniş yayılmış kütləvi idman layihələrindəndir.

 

2011-ci ilin sonlarına layihə dünyanın 100 ölkəsində 1.5 milliyon uşağı əhatə edib. 2012-ci ildən başlayaraq BAF “Uşaq atletikası” proqramı üzrə məşqçi-təlimatçıların hazırlığı layihəsinə başlayıb.

Bəyən və paylaş

Rəylər

rəy(lər)