VASİTƏÇİ | MƏHV EDƏN | CANLANDIRAN / Amna Əl Dabbağ (BƏƏ)

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla vizual incəsənət rəssamı və qrafika dizayneri, Birləşmiş Ərəb Əmirliklərindən təşrif buyurmuş gənc sənətkar Amna Əl Dabbağın (Cavad) fərdi sərgisini təqdim edir.

YARAT Müasir İncəsənət Məkanı (Bakı, Azərbaycan) ilə Maraya İncəsənət Mərkəzinin (Şarja, BƏƏ) birgə əməkdaşlığına əsaslanan mübadilə proqramı çərçivəsində Amna Azərbaycana gəlib, 6 həftə ərzində YARAT Rəssam Emalatxanalarında art-rezident olub və onun bu art-rezident səfərinin bəhrələri indi sərgiyə çıxarılır.

BƏYANNAMƏ/KONSEPT:
Meteorologiya, ələlxüsus da külək mövzusu Amna Əl Dabbağın yaradıcılığına xas olan bir mövzudur. İlboyu küləkli keçən havasına görə keçmişdə “Badi Kubə”, yəni “Küləklər şəhəri” adlanan Bakıya da onu gətirən məhz külək həvəsidir. Yerli əsatirləri araşdırdıqdan və Hidrometeoroloji Proqnozlar Bürosunu ziyarət etdikdən sonra, Amna VASİTƏÇİ | MƏHV EDƏN |CANLANDIRAN instalyasiyasını ərsəyə gətirdi.
İnstalyasiyada külək üç halda təsvir olunur: vasitəçi kimi, dağıdıcı kimi, bir də yenidən canlandıran, oyanış gətirən bir qüvvə kimi. Bir çox mədəniyyətlərdə, o cümlədən Azərbaycanın mədəniyyət ənənəsində, külək bir-birindən uzaq düşmüş adamlar arasında vasitəçi, insanlara doğru yolu tapmağa kömək edən bələdçi kimi təqdim olunarmış. Türk əsatirlərində isə külək, əsasən, zəmiləri-bağları viran qoyan, insanları qaçırıb-aparan mənfi qüvvə kimi göstərilir. Lakin İslam dini Azərbaycana gəlməmişdən əvvəl, burada Novruzla bağlı poeziya cərəyanı yarandı. Bu şeirlər küləyi, əsasən, təbiəti oyadan, canlandıran qüvvə kimi göstərdi. Novruz Bayramı ərəfəsində keçirilən külək (yel) çərşənbəsində də adamlar küləyi təbiətin digər üç elementini (su, od və torpaq) hərəkətə gətirən qüvvə kimi tərənnüm edirlər. Yəni külək (yel) artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Külək gözə görünməyən elementdir – onun əsərək tərpətdiyi maddələrin hərəkətindən başqa heç bir şəkildə onu görmək mümkün deyil. Sərgi ekspozisiyasında rəssam küləyin mahiyyətini parça-qumaş vasitəsilə əks etdirib.

RƏSSAMIN TƏRCÜMEYİ-HALI
Amna Əl Dabbağ (Cavad) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayan rəssam və qrafika dizayneridir. Dubaydakı Amerika Universitetini vizual kommunikasiya / qrafika dizaynı üzrə bitirib təsviri sənət bakalavrı dərəcəsini qazanmış, memarlıq üzrə isə orta-ixtisas diplomu almışdır. Universiteti bitirdikdə o, “Müstəsna nailiyyətlər əldə etmiş qrafika dizaynı tələbəsi” mükafatı ilə təltif olunmuşdur. Əsərləri 2015-ci lidə Sikka İncəsənət Yarmarkasında və 2014-cü ildə Ductac İncəsənət Qalereyasında sərgilənmişdi. 2012-ci ildə onun adı “Şeyxə Manal” Gənc Rəssamlar Mükafatının yekun namizədlər siyahısında (şortlistində) göstərilmişdi. 2015-ci ilin noyabr ayında Florensiyada keçirilən “Xətti aşmaq” konfransının iştirakçısı olub, Dubaydakı Amerika Universitetini təmsil etmişdi. 2013-cü ilin noyabr ayında Almaniyanın Drezden şəhərində keçirilən “Dəməşq zalının işə salınması və genişləndirilməsi” adlı konfransda öz universitetini təmsil etmək üçün seçilmiş üç tələbədən biri olub. Bu konfransda o, Drezden Texniki Universitetinin tələbələri ilə birlikdə Yapon Sarayındakı Dəməşq Zalının muzey fəaliyyətinin təkmilləşdirilməsi üzərində çalışıb. Abjad Designs şirkətində qrafika dizayneri vəzifəsində çalışıb, Start JG şirkətində təcrübə keçib, 2013-cü ilin Art Dubai İncəsənət Yarmarkasında (ARNDT Qalereyasında, rəssam Vim Delovyenin stendində), eləcə də 2012-ci ilin Sikka İncəsənət Yarmarkasında könüllü qismində iştirak edib.

Daha ətraflı məlumat üçün: www.yarat.az ; 0125051414
Tarix: 25 dekabr
Saat: 19:00-da
Yeri: ARTIM Layihə Məkanı
Ünvanı: İçərişəhər, Böyük Qala küçəsi 30, 001A
Giriş sərbəstir

Bir cavab yazın

Back to top button