17 Aprel 11:28

“Vətən sərhəddən başlayır”

Bəli, vətən sərhəddən başlayır. O sərhəd ki, onun bütovlüyü uğrunda yaşından, düşüncəsindən, siyasi baxışlarından, dini inanclarından asılı olmayaraq minlərlə şəhid verib bu millət. Vətəni sevmək üçün birinci sərhədi sevmək lazımdır. Sərhədləri keçməyə cəhd etmək, gedib başqa ölkədən sığınacaq istəməklə, gedəndən sonra isə “Vətən üçün darıxmışam” deməklə sevilmir bu vətən. Vətəni sevmək üçün, vətəniseviləsi bir hala gətirmək üçün öz vətəndaşlıq borcunu yerinə yetirib, vətən daşı olmaq lazımdır. Hər kəs şəraitdən asılı olmayaraq vətəndaş ola bilər, amma hər kəs vətəni sevə bilməz. Bir sual ortaya çıxa bilər təbii ki. Niyə sevək bu vətəni? Ərazi cəhətdən kiçik olan, dünya ölkələrinin “cırtdan” ölkə adlandırdığı bu vətən, qəbul etdiyi birsıra beynəlxalq konfranslar, idman yarışları, müxtəlif profilli tədbirləri ilə dünyaya səs salırsa, milyonlarla turisti özünə cəlb edə bilirsə, öz haqq səsini çəkinmədən dünyaya çatdıra bilirsə bu vətəni sevməyə dəyər. Torpağı uğrunda canından keçən şəhidini daim uca tutursa, dünyanın sivilizasiya qovşağı olursa, inkişaf edirsə bu vətəni, bu milləti, bu xalqı, bu ölkəni sevməyə dəyər. Bu uğurların daimi olması üçün isə, “vətəndaş” yox “vətən daşı” olmaq lazımdır. Məmməd Arazın da dediyi kimi ” Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı. ”

Elşən Qəhramanov

Bəyən və paylaş

Rəylər

rəy(lər)