24 Yanvar 12:13

Vokalçıların Müslüm Maqomayev adına V beynəlxalq müsabiqəsinə ərizə qəbulu başlayıb

Oktyabrın 19-20-də Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə Vokalçıların Müslüm Maqomayev adına V beynəlxalq müsabiqəsi keçiriləcək.

AZƏRTAC Fondun rəsmi saytına istinadla xəbər verir ki, müsabiqənin I turu (seçim) “Vegas City Hall”, II turu (final) “Crocus City Hall” səhnəsində təşkil olunacaq.

Bu müsabiqə qabiliyyət, istedad və sənətkarlığını həm klassik, həm də estrada repertuarında göstərmək imkanı olan vokalçıların yaradıcılığına baxışdır. Müsabiqədə təşkilat komitəsinə ərizə, müvafiq sənəd və videomaterial təqdim etmiş 20-35 yaş arasında olan xüsusi musiqi təhsilinə malik ifaçılar, yaxud ali musiqi məktəblərinin və kolleclərinin tələbələri iştirak edə bilərlər. İlkin dinləmə və baxışın yekunlarına əsasən təşkilat komitəsi tərəfindən 15-dək ifaçı seçilərək müsabiqəyə dəvət alacaq.

Münsiflər heyətinə aparıcı opera solistləri, populyar musiqi ulduzları, dirijorlar, musiqili teatrların rejissorları, beynəlxalq prodüser şirkətlərinin nümayəndələri dəvət olunurlar. İki turda keçiriləcək müsabiqə Rusiya və digər dövlətlərin KİV-ləri tərəfindən işıqlandırılacaq. Bu turlar simfonik orkestrin müşayiəti ilə aparılacaq. Bütün ifalarda canlı səs və musiqi tələb olunur, hər hansı fonoqram yolverilməzdir.

Final mərhələsi böyük şou prinsipi əsasında keçiriləcək.

Müsabiqənin əsasnaməsinə əsasən, I, II və III yerlər üçün müvafiq olaraq qızıl, gümüş, bürünc medallar, eləcə də 25 min, 15 min, 10 min ABŞ dolları və laureat adları nəzərdə tutulur.

İştirak arzusunda olanlar aprelin 30-dan gec olmayaraq təşkilat komitəsinə müraciət etməlidirlər. Ətraflı məlumatı http://m-magomaev.ru/ru/contest/Pologenie2017/ linkindən öyrənmək olar.

Xatırladaq ki, vokalçıların Müslüm Maqomayev adına IV beynəlxalq müsabiqəsində I yerə Azərbaycanın Əməkdar Artisti İlham Nəzərov, II yerə beynəlxalq müsabiqələr laureatı Məhərrəm Hüseynli layiq görülmüşdür.

Bəyən və paylaş

Rəylər

rəy(lər)