2 İyun 21:42

Xalq rəssamı Baba Əliyevin 100 illik yubiley sərgisi keçiriləcəkdir

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 7 iyun 2016-cı il, saat 17:30-da Milli İncəsənət Muzeyində (Ünvan: Bakı şəhəri, Niyazi küçəsi 9/11) Xalq rəssamı Baba Əliyevin 100 illik yubiley sərgisi keçiriləcəkdir.

Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarında saxlanılan əsərləri ilə yanaşı ailə kolleksiyasında qorunan əsərləri də nümayiş etdiriləcəkdir.

Baba Balababa oğlu Əliyev 22 mart 1915-ci ildə Bakının Zirə qəsəbəsində anadan olmuşdur. 1937-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş, 1940-1941-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. 1964-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1982-ci ildə isə Xalq rəssamı fəxri adına layiq görülmüşdür. SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. 27 mart 1991-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən “Baba Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” 28 noyabr 2005-ci il tarixli Sərəncam imzalanmışdır. Sərəncama əsasən Bakının Zirə qəsəbəsində adına küçə verilmiş, III Maqomayev döngəsi, 3 ünvanına xatirə lövhəsi vurulmuşdur.

Onun yaradıcılığında əsas yeri portret və natürmort janrları təşkil edir. Baba Əliyevin sənətə gəlişi Böyük Vətən Müharibəsi illərinə – 1941-ci ilə təsadüf edir. Bu illərdə onun yaradıcılığında cəbhədə igidlik və mərdlik nümunəsi göstərən döyüşçülərin bədii obrazlarının yaradılması xüsusi yer tutur. Baba Əliyevin “təyyarəçi Məzahir Abbasovun qəhrəmanlığı” (1947) adlı əsəri müharibənin qəhrəmanlıq tarixindən bir epizodu təsvir edir. Komissar Novruz Aslanovun və polkovnik S.Suprunun (1942) portretləri məhz bu illərə təsadüf edirdi. Qəhrəman döyüşçülərin obrazları sanki döyüş anları arasında bir dəqiqəlik fasilə zamanı təsvir olunmuşdur. Döyüşçülərin açıq gözlərində işıq saçan düşüncə və iradə gərginliyi onların simasına sadəlik və səmimilik gətirən xeyirxah təbəssümü ilə bir qədər mülayimləşir.

Müharibədən sonrakı illərdə Baba Əliyev də digər rəssamlar kimi sadə zəhmət adamlarının bədii ümumiləşdirilmiş obrazlarının yaradılması istiqamətində böyük zəhmət sərf etməyə başlamışdır. İnsanların dərin məna və həyacanverici obrazlarını yaratmaq bu illərədə rəssamın qarşısına qoyduğu əsas bədii tapşırıqlardan biri idi. O əsl həqiqəti öyrənir, daha parlaq, tipik və həyat hadisələri və situasiyaları taparaq onları müasirlərinin xarakterini əmək entuziazmında açmağa çalışır. 1951-ci ildə o Əbdül Xalıq və A.Zarubinlə birlikdə “Dövlətə pambıq təhvili” adlı böyük pannosunu işləmişdir ki bu da pambıqçıların əməyinə həsr olunmuşdur. BU əsər 1951-ci ildə Ümumittifaq sərgisində nümayiş etdirilmiş və uğur qazanmışdır. Doğrudur Baba Əliyevin heç də bütün əsərlərini bədii səviyyəsi baxımından eyni dərəcədə uğurlu hesab etmək mümkün deyil. Rəssamın “Fasilə” (1957), “Mədəndə” (1960) kimi bir o qədər də yüksək qiymətləndirilməyən əsərləri ilə yanaşı “Növbə qabağı” (1959) adlı əsərində rəssam yaradıcı əməyin qüdrətini göstərməyə çalışmışdır. Dəniz mədənləri fonunda fəhlələri təsvir edən Baba Əliyev estakadada işləməyin çətinliyini öz gözləri ilə görərək canlı təəssüratlarını bu əsərdə nümayiş etdirə bilmişdir. Düzgün tapılmış rəng həlli, geyimlər, insan tipajları bunu aşkar şəkildə göstərir.

Onun “Yeni növbə” (1963) adlı çoxfiqurlu kompozisiyası sərt dəniz şərtlərində işləyən neftçilərin parlaq obrazını yaratmaqla bərabər, onların çətin şəraitdə işləmək üçün nikbin əhval-ruhiyyəsini nümayiş etdirir. Ümumiləşdirilmiş, monumentallaşdırılmış formalar, dənizin çırpınan dalğalarının sərtliyi və soyuğu sanki əsərin koloritinə də hakim kəsilmişdir. 1960-cı illərə xas sərt üsluba meyl göstərən rəssam növbəni təhvil verən, kompozisiyanın əsas mərkəzində qayıqdan estakadaya çıxmaqda olan qızların baxışlarındakı mülayimlik və lirizmlə ahəng yaradaraq ağırlıq yükünü azaldır, əsərin ümumi ruhuna romantika qatır.

Rəssamın bu qəbildən olan “Neftçilərin istirahəti” (1961) adlı əsəri də diqqət çəkir. Əsərin kompozisiya həllindəki axtarışlarını rəssamım “Tankçıların istirahəti” (1965) adlı əsəri ilə müqayisə etmək olar.

Bundan əlavə Baba Əliyev bir sıra portretlərin də müəllifidir. “Qız portreti” (1957) əsəri bu qəbildən olub uşaq psixologiyasının təfərrüatlarını göstərir. Rəssam Zaqatala rayonu kolxozçularının portretlərinin yaradılmasına da böyük əmək sərf etmişdir. Onun 1960-cı ildə Gürcüstana səfəri də portretlər silsiləsi ilə zəngin keçmişdir. Onun fırçasına aid olan bir neçə mənzərə və natürmort əsərləri də var. Bu sıradan “Aylı gecə” (1956) mənzərəsi və “Səhra gülləri” (1962) yaddaqalan əsərlər kimi sənət xəzinəsinə daxildir.

O eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olaraq, Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində gənc rəssamlar nəslinin tərbiyəsi ilə məşğul olmuşdur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)