6 İyul 22:26

Xalq Rəssamı, mərhum Vidadi Nərimanbəyovun 90 illik yubiley sərgisi keçiriləcəkdir

15-20 iyul 2016-cı il tarixində saat 17:30-da Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xalq Rəssamı, mərhum Vidadi Nərimanbəyovun 90 illik yubiley sərgisi keçiriləcəkdir.

Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov 1926-cı ildə Fransanın Kann şəhərində anadan olmuşdur. Rəssamlıq təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumu, V.Muxina adına Sankt-Peterburq (keçmiş Leninqrad) Ali Rəssamlıq Sənaye Məktəbi və Tbilisi Rəssamlıq Akademiyasında almışdır.

“Nədir günahımız?”, “Düşmənin sevinci…”, “Yolda” və s. əsərlən onu özünəməxsus dəsti-xətti ilə seçilən, istedadlı rəssam kimi məşhurlaşdırmışdır. 1977-ci ildə Bakıda keçirilən fərdi sərgisində Ümummilli lider Heydər Əliyev şəxsən iştirak etmiş, onun yaradıcılığına qiymət vermişdir. V.Nərimanbəyov təkcə Azərbaycanda deyil, eyni zamanda keçmiş SSRİ respublikalarında, Bolqarıstan, Rumıniya, Əlcəzair, Finlandiya, Çexiya, Macarıstan kimi dünyanın 20-dək xarici ölkəsində fərdi yaradıcılıq sərgilərini təşkil edərək, ölkəmizin incəsənətini təbliğ etmişdir. Rəssamın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Moskva Dövlət Tretyakov Qalereyasında, MDB və Avropa ölkələrinin muzeylərində saxlanılır.

V.Nərimanbəyov 1972- ci ildə Qrekov adına Qızıl medalla təltif olunmuş, 1982-ci ildə Azərbaycan Xalq Rəssamı fəxri adına layiq görülmüşdür. 1972-1986-cı illərdə Azərbaycan Rəssamlar İttifaqında məsul vəzifələrdə çalışmışdır. 2001-ci ildə “Şöhrət” ordeninə layiq görülmüşdür.

Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasında saxlanılan əsərləri təqdim olunacaqdır. Vidadi Nərimanbəyovun illər öncə yaratdığı və indiyədək geniş tamaşaçı kütləsi qarşısında heç vaxt nümayiş etdirilməyən bir neçə əsəri də bu sərgidə nümayiş olunacaqdır.

Giriş sərbəstdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)