7 İyun 10:27

Xalq rəssamı Tağı Tağıyevin yubiley sərgisi

8 iyun 2018-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində incəsənətimizin zənginləşnəsi və təbliğində böyük xidmətləri olmuş Xalq rəssamı Tağı Tağıyevin yubiley sərgisi keçiriləcəkdir.
Azərbaycan klassik rəngkarlıq məktəbinin nümayəndəsi Tağı Tağıyev portret, mənzərə və natürmort janrlarında özünəməxsuz əsərlər yaratmışdır. Rəssamın yaradıcılığında Avropa və rus rəngkarlıq məktəbinin ənənələrini və milli incəsənətimizin vəhdətini müşahidə edirik.
Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından “İmtahandan qabaq”, “Çıxışdan öncə”, “Pəncərə”, “Qarlı yollar”, “Əsmər qız”, “Bakı kontrastları” , “Şəhər kənarı” , “Dəniz kənarı park”, “Günorta”, “Nağıl” kimi 60-a yaxın rəngkarlıq və qrafika əsərləri sərgilənəcəkdir.
Portret ustası kimi tanınan rəssam “Qara Qarayev”, “Səttar Bəhlulzadə”, “Bəhruz Kəngərli”, “Kamil Xanlarov” və “Soltan Məhəmməd” kimi şəxsiyyətlərin tablolarının müəllifidir. Tağı Tağıyev yaratdığı obrazın təkcə zahiri görünüşü deyil, temperamentini, xarakterini və eyni zamanda mürəkkəb mənəvi aləmini də açıb göstərməyi bacaran məharətli sənətkar idi.
Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Burada rəssam özünün incə kolorit ustası olduğunu bir daha təsdiqləyir. Onun çoxsaylı mənzərələrində rəssam Abşeron çimərliklərinin isti yay günlərini, Bakının dar küçələrini, bulvarın buxtasının gecə çağını poetik ifadə üsulu ilə kətana köçürür. “Bakı emalatxanamın pəncərəsindən” (1958), “ Bakı tutqun gün” (1959) tablolarında rəssam özünü təkcə rəng ustası deyil, həmçinin incə lirik kimi göstərərək tamaşaçının ürəyini riqqətə gətirir.

Tağı Tağıyevin böyük həvəslə işlədiyi janrlardan biri də natürtmort janrıdır. Rəssam nəfis kompozisiya quruluşu, zəngin koloriti ilə seçilən natürmortlarında əşyanın fakturasının materialını, parçanın strukturunu, şüşənin şəffaflığını böyük məharətlə çatdıra bilirdi. Fırça ustasının təbiət mənzərələrində və natürmortlarında Azərbaycanın füsunkar təbiətinin və əsrarəngiz gözəlliyininin tərənnümünün şahidi oluruq.
Tağı Tağıyev qərbi Afrika ölkələrinə yaradıcılıq ezamiyyətinə getmiş, orda yaşayan insanların qayğılarını, arzularını bədii boyalarla təsvir etmişdir.Rəssamın yaradıcılığında mənəvi və fiziki cəhətdən güclü, öz məqsədlərinə doğru addımlayan fəhlə və neftçi obrazları xüsusi yer tutur.
Məhsuldar bir ömür yolu keçən sənətkarın zəngin yaradıcılıq irsi qalıb. Əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Gürcüstanın və bir çox ölkələrin muzey və qalereyalarında, o cümlədən şəxsi kolleksiyalarda saxlanılır.
Hər birinizi saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən sərgini izləməyə dəvət edirik. Sərgi 12 iyun 2018-ci il tarixindək davam edəcəkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)