Xalq sənətkarlarının respublika sərgisi

Dekabrın 22-də Muzey Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Xalq sənətkarlarının respublika interaktiv sərgisi”nin açılışı keçirildi.

Tədbiri Elmi-Metodik Mərkəzin Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev açaraq bildirdi ki, hər il olduğu kimi, bu ildə qarşıdan gələn əlamətdar gün münasibətilə istedadlı xalq sənətkarlarının aşkar edilməsi, tanıdılması, onların nümunəvi əl işlərinin təbliğ edilməsi məqsədi ilə sərgi təşkil edilib.

Sərgidə Bakıdan, habelə respublikanın 40-dan artıq şəhər və rayonundan 200 nəfər müəllifin-rəssamın 700 əsəri yer alıb.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov bildirdi ki, milli dəyərlərimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının borcudur: “Ulu öndər Heydər Əliyevin çox gözəl bir kəlamı var: Bizim hamımızın bir vətəni var – bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini, mənəvi dəyərlərini unutmamalıdır. Qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Bu müdrik sözlər hər birimizdə güclü hisslər yaradır. Sərgilənən əsərlərə baxarkən fərəh hissi keçirməmək olmur”.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, Əməkdar incəsənət xadimi Kübra Əliyeva, Nizami Rayonu Ağsaqqallar Şurasının sədri Mail Əliyev, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək xalq sənətkarlarının aşkar edilməsi, tanıdılması və nümunəvi əl işlərinin təbliğ edilməsinin əhəmiyyətindən danışdılar.

Çıxışlardan sonra bir qrup sənətkara dəyərli əl işlərinə görə diplomlar təqdim olundu. Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.

Bir cavab yazın

Back to top button