14 Fevral 11:52

“Yaradıcı Gənc Əllər” adlı sərgi-tədbir keçiriləcək

“Yaradıcı Gənc Əllər” adlandırılan sərgi-tədbir  Gənclər Fondu və Xətai Sənət Mərkəzinin dəstəyi , o cümlədən Nigar Yusupovanın təşkilatçılığı ilə 2019-cu  il  2 Mart  saat 12:00-da  Xətai Sənət Mərkəzində tamaşaçıların üzünə açılacaq.

Məqsəd ölkəmizin yaradıcı gənclərinin tanınmasına xidmət, əl işlərinin nümayişi və yaradıcı gənclərə bu sahədə dəstək olmaqdır.
Sərgi müddətində müxtəlif əl işlərindən ibarət stendlər, o cümlədən, rəsm əsərləri, muncuqdan, saplardan hazırlanmış bəzək əşyaları, təbii ağacdan və epoksi maddəsindən hazırlanmış aksesuarlar, dekorativ əşyalar, daş üzərində çəkilən rəsmləri görmək mümkün olacaq.

Sərgidə 20-dən artıq gəncin əl işləri və rəsmləri nümayiş etdiriləcək.

Bundan əlavə Cənubi Koreyaya aid bəzək əşyaları, jurnallardan ibarət guşə, Cənubi Koreyanın milli geyimi olan “Hanbok”un nümayişi də nəzərdə tutulmuşdur.  Bununla da gələn qonaqlar təkcə Azərbaycan mədəniyyəti motivləri ilə deyil, dost ölkə – Cənubi Koreya mədəniyyətinə aid nümunələr ilə də yaxından tanış olacaqdır. Nəzərinizə çatdırırıq ki, 2015-ci ildə Xətai Sənət Mərkəzində keçirilən “Koreya sevərlər” rəsm sərgisi, 2016-2017-ci illərdə keçirilən mədəniyyət tədbirləri böyük marağa səbəb olmuşdur.

Sərgidə istedadlı gənclərin royal və skripkada ifaları da baş tutacaq.

Dünya dəyişir, mədəniyyət sisteminə yeni baxış formalaşır. İncəsənət dünyasında da bir sıra yeni dəst-xətlər yaranır. Azərbaycan rəssamlığı , incəsənəti də zamanın bütün dövrlərində dünya mədəniyyətinə öz tövhəsini vermişdir. Əminik ki, “Yaradıcı Gənc Əllər” tədbiri, müasir gənclər üçün incəsənətə yeni baxışın formalaşmasına xidmət edəcəkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)