14 Dekabr 22:15

YARAT Art Rezidensiya: “İkili standart” (Double Standard)

YARAT Müasir İncəsənət Məkanı YARAT Art Rezidensiya proqramının beynəlxalq iştirakçıları Mixael Hirşbixler (Avstriya) və Nika Kutateladzenin (Gürcüstan) “İkili standart” (Double Standard) sərgisini təqdim edir.

Açılış: 21 dekabr, saat 19:00
ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala küç., 30, 001A)

Giriş sərbəstdir

“İkili standart” – oxşar vəziyyətlər üçün müxtəlif prinsiplər toplusunun tətbiqi anlamına gəlir.
Bu termin, bu və ya digər şəxsin müəyyən qrupa aid olmasından asılı olaraq, eyni davranışı fərqli şəkildə qiymətləndirən normativ sistemi müəyyən edir. İxtisasca memar olan hər iki rezident, regionun sosial, ekoloji və iqtisadi reallıqlarını ehtiva edən əsərlər yaratmaqla, müşahidə, ölçü və rekonstruksiya metodlarını araşdırıblar.

Üç aylıq rezidentura dövründə, Mixael Hirşbixler, neft hasilatı səbəbindən Abşeron yarımadasında aparılan landşaft transformasiyası (torpağın yerinin dəyişdirilməsi) əməliyyatlarında iştirak edib. Kənardan geoloji və elmi araşdırma kimi görünən bu fəaliyyətdə, rəssam, torpaqdan nümunələr götürməklə, neft mancanaq dəzgahının səs-küyünü qeydə almaqla, Bibi-Heybət ərazisinin landşaftının bir hissəsini sərgi məkanına daşınmasını həyata keçirib. Nəticədə, neft hasilatı ilə yadda qalan, lamisə duyğusu, qoxu və struktur kimi xüsusiyyətlərlə müşayiət edilən bu landşaft, rəssamın yanaşması, əsərlərə kolorit, plastika və mənəvi rəng qatması ilə poetik ölçülər əldə edib. Rəssam “Black Myths” (Qara mif) adlanan silsilə əsərini yaradarkən, neft ilə bağlı həqiqi və ya yanlış, illüzor, ya da xəyali hekayələr axtarışında idi. Əsərə yaxından seyr edəndə, bu hekayələr “öz ürəyini açır”.

Nika Kutateladze də konstruksiyalar və ölçü texnikaları ilə işləyir. Rəssam 1960-cı illərdə fəhlə sinfi üçün inşa edilmiş sovet tipli “xruşşovka” tikililərinin planına əsaslanaraq, onların divar səthlərini, keramik divarlarlarını və divar kağızlarını ARTIM Layihə Məkanına sərgi üçün gətirib. Bütün hissələrdə sovet yaşayış evlərinin ilkin standart en və uzunluqları saxlanılıb. “Home Plants on a Window-Sill” (Pəncərə altında ev bitkiləri) adlı silsilə əsər, iki müxtəlif yaş və ideologiyanın son dərəcə brutal memarlıq sintezini əks etdirir. Keçmiş sosialist məişətinin bir vaxtlar köhnə şəhərdə ailələrin yaşayışı üçün istifadə edilən interyer detalları, bu tarixi yaşayış binalarının nümunəsini canlandırır. Sözügedən əsər, bir binanın digərinə təsirini aşkar əks etdirməklə yanaşı, əhalini “hazır şablonlara” salmağa çalışan ideologiyalara da maraq göstərir.

Vizual rəssam Mikael Hirşbixler (d.1983) Sürix və Münhendə yaşayır və fəaliyyət göstərir. Onun fərdi və qrup sərgiləri bir çox yerlərdə nümayiş etdirilib, o cümlədən: Martin-Gropius-Bau (Berlin), Museum Helmhaus (Sürix), Haus der Architektur (Qrats), art space artQ13 (Roma), Museo Civico G. Fattori (Livorno), Villa Massimo (Roma), art space –ion+ (Sürix), Zollhaus (Lüsern), MARIA HIL F at ETH layihə məkanı (Sürix), Folium (Sürix), Gallery Karin Sachs (Münhen), Gallery A¦B¦Contemporary (Sürix) və Artifact Gallery (Nyu-York). Mikael Hirşbixler Romada yerləşən Villa Massimo institutunda rezident olub və 2018-ci ildə Parisdə Cité Internationale des Arts fondunun rezidentura proqramında iştirak etməyi planlaşdırır.

Nika Kutateladze 1989-cu ildə anadan olub. 2007-2011-ci illərdə Tbilisi Dövlət İncəsənət Akademiyasının memarlıq fakültəsində təhsil alıb. 2012-2013-cü illərdə Tbilisi Müasir İncəsənət Mərkəzinin (CCA Tbilisi) qeyri-rəsmi magistratura kursunu bitirib. Onun əsərləri “Mənim ayaqlarım” (2014, Tbilisi), “Çox vacib məkan və onun yaranması”, “Qış evi” (2014, Tbilisi), “Transformasiya” (2013, Tbilisi Müasir İncəsənət Mərkəzi), “Mən sənəm?” (2013, Gallery Container, Tbilisi), “Görünməyən cərəyanlar” (2013, Fest I Nova, Art Villa Garikula, Gürcüstan) sərgilərində nümayiş olunub.

Sərginin müddəti: 21 dekabr 2017 – 12 yanvar 2018
Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, 14.00 – 20.00
Ətraflı məlumat üçün: www.yarat.az; (012) 5051414

Bəyən və paylaş

Rəylər

rəy(lər)