10 Noyabr 12:49

YARAT Film Klub / “Qabo. Reallıq sehri”

Qabriel Qarsiya Markes bütün Latın Amerikası üçün “Qabo”dur. Onun həyat və yaradıcılığı, sanki, insan təxəyyülü saplarından hörülüb-toxunmuşdur. “Qabo. Reallıq sehri” filmi bir təhqiqat şövqü ilə elə bu təxəyyülün inanılmaz qüdrətindən bəhs edir.

1982-ci ilin Nobel mükafatçısı Qabriel Qarsiya Markesin (1927-2014) vəfatından bir il keçir. Ədəbiyyat aləmi onun ildönümündə bu böyük şəxsiyyəti yad edərkən, dünyanın müxtəlif ölkələrində Kolumbiya səfirlikləri tərəfindən ‘Gabo, la magia de lo real’ filminin nümayişini təşkil edib.

Bu sənədli filmin ilk nümayişi İngiltərə, Birləşmiş Ştatlar, İspaniya, Meksika, Fransa, Çili, Dominikan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Avstraliya kimi ölkələrdə keçirilmişdi. Az öncə film beynəlxalq Cartagena de Indias kinofestivalının və Nyu-Yorkda keçirilmiş Latın Amerikası filmləri kinofestivalının mükafatlarına layiq görülmüşdü.

Rejissor Castin Vebsterin çəkdiyi bu film Kolumbiya, ABŞ və İspaniyanın birgə istehsalıdır. Filmin araşdırdığı sual belədir: Karib dənizinin sahilindəki bir kəndin gənc sakini, görəsən, yazıçı olub, dünyanın hər yerində milyonlarca adamın qəlbinə yol tapmağa necə müvəffəq ola bilmişdi? Film, həmçinin, Markesin publisist yazılarının məğzini, onun şəxsiyyətini, onun gerçəkliyi necə dərk etdiyini araşdırır. Ailə üzvlərinin, dostlarının, iş yoldaşlarının, müxtəlif yazıçı, jurnalist və siyasi xadimlərin bölüşdüyü fikirlər vasitəsilə bu film “Yüz ilin tənhalığı” əsərini yaratmış müəllifin irsiyyətini canlandırır.

Filmin janrı: sənədli film, bioqrafik film, tarixi sənədli film.

Vaxt: 1 dekabr saat 19:00
Məkan YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı meydanı yaxınlığında)
Film ispanca nümayiş etdiriləcək, ingiliscə altyazıları olacaq.
Filmin müddəti 90 dəq.
Giriş sərbəstdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)