11 Dekabr 23:11

YARAT Freestyle: Azadlıq musiqisi

Dekabrın 20-i, YARAT Müasir İncəsənət Məkanı sizi Fransanın Azərbaycandakı səfirliyi və “Total” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən, Osvensim faşist həbs düşərgəsində musiqi bəstələmiş və faciəvi şəkildə həlak olmuş bəstəkarların xatirəsinə həsr olunan gecəyə dəvət edir.

Proqrama Viktor Ulmann, Pavel Haas, Emil Que və İlze Veberin əsərləri daxildir, həmçinin tədbir zamanı dahi bəstəkar Dmitri Şostakoviçin müharibə illərində çəkdiyi bütün iztirabları “özünə hopdurmuş” musiqi əsərləri ifa olunacaq.

Bunlarla yanaşı konsert proqramında Azərbaycanın görkəmli instrumental solistləri – Aleksey Miltıx, Rövşən Əmrahov və Səidə Tağızadənin ifasında Maks Brux, Arvo Pyart və Peter Vasksın əsərləri səslənəcək. Proqram bütünlükdə dirijor Əyyub Quliyevin rəhbərliyi altında, “Bakı virtuozları” Kamera Orkestri tərəfindən təqdim olunacaq.

Belə ki, tədbirin ən vacib hadisələrindən biri də ilk dəfə Bakıda, dünyaca məşhur fransız bəstəkarı Elios Azulenin “14 may 1431-ci il” adlı monooperası səslənəcək. Sözügedən əsər, Viktor Ulmannın 1943-cü ildə Osvensimdə bəstələdiyi, yarımçıq qalmış “Janna d’Ark” operası əsasında qurulub. Monooperanın müasir versiyasının əsas partiyalarını Fəridə Məmmədova (soprano) və Elios Azule (bəstəkar, klarnet ifaçısı, novator) ifa edəcəklər.

20 dekabr, saat 20:00
YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir

Bəyən və paylaş