6 Noyabr 19:55

Yelləncək

Yumurtanın sarısını yeməkdən xoşu gəlməzdi.  Anası hey çalışardı ki, yumurtanın sarısını ona yedirsin, amma, hər cəhdində də uğursuz olardı. Qıza elə gələrdi ki, yumurtanın sarısı acıdır. Halbuki yumurtanın vitamini onun sarısında deyilmi?

Təbii ki bunun mövzuya çox da dəxli yoxdur. Sadəcə qızın necə bir insan olduğunu anlatmaq üçün özümdə hekayəyə bu cümlələrlə başlama ehtiyacı hiss etdim. O təbii ki, gözəl idi. Çünki, ən azından, bu hekayənin baş qəhrəmanıdır.

Qızın solğun simasından ətrafa daima bir kədər yayılardı,  amma, onu danışdırıb, dindirən olsaydı, əslində nə qədər suyuşirin və söhbətcil bir insan olduğunu anlaya bilərdi. Qızın xarici görünüşü adi adamlarda  olduğundan xeyli fərqlənirdi. Ağappaq siması bumbuz baxan mavi gözləri ilə bir-birini tamamlayardı. Dodaqları simasının əksinə qanla dolu idi və qıpqırmızı görünərdi. Boyu çox kiçik idi. Çünki, hələ 3 yaşı tamam olmamışdı. Arıq deyildi. Amma, kök də deyildi. Bu uşaq sadəcə çox gözəl idi. Və bu gözəllik ona qarabuğdayı, gülərüz siması olan ucaboy atasından miras qalmamışdı. Bu gözəlliyin onda təcəssüm etməsinin səbəbi sadəcə anasından ona ötürülmüş bol-bol gözəllik DNT-ləri idi. Amma, o, atasını daha çox sevirdi. Qızlar analarının xətrinə dəyməyərək hər iki valideynlərini eyni dərəcədə sevdiklərini desələr də, həmişə atalarını daha çox sevirlər. Və hər zaman ən az ataları qədər sevə biləcəkləri bir insanla tanış olacaqlarını arzulayarlar və təbii ki bu arzularına çatmazlar. Bu tendensiya oğlan uşaqlarında da var. Analarına qarşı həddən artıq böyük bir  məhəbbət və bu məhəbbətin içinə yerləşmiş bir hörmət oğlanları anaya atadan daha çox qiymət verməyə məcbur edir.

Atasının enli sinəsinə qısılıb saatlarca özünü yatmış kimi göstərib onun nəfəs-alış-verişini hiss eləməkdən həzz alardı bu qızcığaz. Atası da əlində nə iş olur olsun onu qucağından yerə salmazdı.  Bircə ağlamağına dözə bilməzdi atası. İri, mavi gözləri kədərli olduğu zamanlar insanın içini daha çox parçalayırdı. Və atası həmin an dünyanın altını üstünə çevirməyə hazır bir canavara çevrilirdi. Çünki, dünyadakı heç nə bu qızın bircə damla göz yaşına dəyməzdi… Həmin anlarda dünyalar dəyərsizləşirdi, yeganə qiymətli incilər qızın gözlərindən damlayan mirvari kimi təmiz yaşlar olurdu.

Bir gün atası qızının həyatını bir qədər də rəngləndirmək üçün həyətlərindəki yaşlı  şaftalı ağacının üfiqi istiqamətdə inkişaf eləmiş qalın bir budağından iki qalın kəndir asıb olduqca qəşəng bir yelləncək düzəltdi.  İşdən gələndən sonra həyat yoldaşının yanağından öpüb, sonra onun yanından sürətlə qaçıb birbaş qızını qucağına alar və onunla həyətə çıxardı. Kəndirləri çəhrayı rənglə rənglənmiş o yelləncəyə doğru qaçardılar. Və bu anlarda anası pəncərədən üzündə ən gözəl gülümsəməsi ilə qızı ilə həyat yoldaşının əylənməsinə tamaşa edərdi. Qızın solğun simasına dəyən külək yanaqlarını qıpqırmızıya boyadıqca qızın siması bir az daha gözəlləşir, bir az daha nurlu görünürdü.
Günü gündən böyüyən qızla birlikdə onun yelləncəyi də təkmilləşirdi. Məsələn, artıq, yeləncəyin  çəhrayı iplərinin üzərinə kiçik,xırda əlvan naxışlar da vurmuşdu atası. Qıpqırmızı naxışları vurarkən kiçik qız incə dodaqlarını aralayıb atasına maraq və heyrətlə baxırdı. Elə bu vaxt fırçanın üstündən qızın yanağına bir  damla qırmızı rəng sıçrayır. Və atasının ağlına maraqlı bir fikir gəlir.

Kiçik qızı qarşısına qoyub burnunun ucuna balaca, qara bir nöqtə, burnunun aşağısına, dodaqlarından yuxarı sağa və sola 3 incə qara xətt, yanaqlarına incə, qıpqırmızı boya vurdu. Belədə o kiçik, sevimli bir pişiyi xatırlatdı. On dəqiqə sonra balaca pişik həddən artıq şirin görünən yelləncəkdə saçlarını oynadan küləyə  qarşı uçur, şən qışqırtıları ilə yoldan keçənləri bir anlıq dayanıb ona baxmağa məcbur edirdi. Sanki yelləncək həyətdə quraşdırılandan sonra qızın simasından, gözlərindən kədər uçub getmişdi və artıq ətrafa xoşbəxtlik saçmağa başlamışdı. Qızının bu dəyişməyinə anası həddən artıq sevinirdi. Arabir o da işlərini qurtaranda qızı və həyat yoldaşı ilə həyətə çıxır, çiçəkləri yenicə tökülmüş şaftalı ağacının altındaca piknik süfrəsi  açar, qızının sevinclə ora-bura qaçmasına, ərinin qızını tutmağa çalışmasına baxardı. Xoşbəxtliyin bu qədər çox olması isə atanı qorxudurdu. Heç bir problemin olmaması,  bu qədər firavan bir həyat sürmələri sanki bir yelləncəyə bağlıymış kimi və ata da bu yelləncəyi böyük diqqət  və ehtiyyatla qoruyurdu.

Amma, bir şeyi tamam unutmuşdu və sanki xatırlamaq fikri belə yox idi: Onun həyatı  təkcə qızından ibarət  deyildi, həyat yoldaşından çox soyumuşdu. Evə girən kimi sanki proqramlaşdırılmış bir robot kimi yoldaşını avtomatik öpür və bu süni öpüşlərin nə qədər quru olduğunun fərqinə varmaz olduğunu duymayacaq bir vəziyyətə gəlmişdi. Sanki bu yelləncək bir lənət  kimi onu və qızını özünə tərəf hər gün çəkir, həyat yoldaşından uzaqlaşdırırdı və ata qadının ehtiyaclarını düşünməyəcək bir vəziyyətə gəldiyindən xəbərsiz halda hər gün, hər gün, hər gün evə gələn kimi yoldaşının yanından sıyrılıb qaçır, qızını qucağına götürüb birbaşa yelləncəyə tərəf gedirdi. Həyat yoldaşı sanki onlar üçün adi qulluqçudan başqa bir şey deyilmiş kimi davranırdı və əslində bundan xəbərsiz olması onun günahını yüngülləşirmirdi.

Günlərin belə davam eləməsi təbii ki mümkün deyildi. Bütün xoşbəxtliklər bir gün acı bir ölümlə sona çatır. İnsanlar əslində dünyada rahat ölümlərin olduğunu car çəksələr də, içlərində bir yerdə ölümdən qorxmaqda davam edirlər. Yay fəsli dırnaqları ilə ana təbiətdən yapışıb onu heç tərk eləmək istəməməsinə baxmayaraq avqustun sonlarında bu gözəl şəhər ilk yağışa qucaq açdı. Yağışdan 3 gün sonra,onların xoşbətliklərinin son günündə  o dəhşətli mənzərə ilə qarşılaşıb yerində quruduğu gün bütün olanlar adamın gözünün qarşısından bir kino lenti kimi gəlib keçdi. Həyat yoldaşına qarşı etdiyi hərəkətlərin əslində ona nə qədər təsir etdiyini bir an içində anlamış oldu. Ona nə qədər az dəyər verməyə başladığını həmin an anladı və həmin an artıq çox gec idi. Şaftalı ağacının həmin qalın budağından həmin  o məşum gün 3 çəhrayı kəndir asılmışdı. Axşamın alatoranlığında haradansa payız yarpaqları adamın qarşısında uçuşur, bağçanın dəmir darvazası açıq qaldığından  külək onu çırpıb bağlayıb, yenidən açırdı və bu açılıb bağlanmalar tükürpədici bir melodiya yaradırdı. Bu təsiredici melodiyaya xəzan yarpaqlarının xışıltısı, uçub köçən qaranquşların hay-küyü,  ağacdan sallanan 3 kəndiri ağaca bağlayan dəmirlərin civiltili səsləri və bir ailənin 3 üzvünün sükutu qarışdıqca qarşıda açılmış mənzərənin dəhşəti bir qədər də artırdı. Dəhşətdən donub qalmış adam  3 yaşlı qızının əynində olan həyat yoldaşının paltarlarına bərəlmiş gözləri ilə baxır, gördüyü  mənzərənin inanılması mümkünsüz olan bir yuxu olduğuna inanmağa cəhd edirdi.  Həyat yoldaşının əynində kiçik qızının geyindiyi  ağ paltarın böyük ölçüsü olan bir paltara baxdıqca nəyin baş verdiyini anlamaq üçün o yetəri qədər hazır deyildi. Kiçik qızının ağacdan sallanan cəsədi vaxtsız gəlmiş payız küləyinin  gücü ilə arxaya və qabağa yellənirdi. Qızın kiçik, göyərmiş dodaqları arasından  axan köpük, qaralmış göz qapaqları, qızarmış boynu və içinə girdiyi paltarlar qarşısında görünən mənzərənin həqiqət olduğunu onun üzünə bir sillə kimi vururdu. Həyat yoldaşı həmişə qızının oturduğu yelləncəkdə oturub boynunu bükmüş və məchul bir nöqtəyə baxan iri, mavi gözlərini demək olar ki qırpmadan arxaya-qabağa yellənirdi. Hər iki kəndirdən möhkəm yapışmışdı  və üzərinə çəhrayı rəng bulaşmış  barmaqları çox kip sıxıldığından ovcunun içini kəsirdi. Ayaqlarını kiçik bir qız kimi yuxarı -aşağı yellətdiyindən  adam diqqətini qızının bir məsumiyyət tablosu qədər canlı və bir o qədər də ölüm və kədər  dolu cəsədindən yayındırıb qeyri-ixtiyari  arvadına baxmağa məcbur oldu.  Elə bu vaxt  məsələni qəlizləşdirən daha bir sual adamı yerlə yeksan elədi…

Yelləncəkdə arxaya-qabağa gedib-gələn qadın yaşına yaraşmayacaq dərəcədə incə bir səslə həyat yoldaşından soruşdu

-Bəs indi məni qızımızdan çox istəyəcəksən, atacan?

Tural Əzimzadə

Bəyən və paylaş

Rəylər

rəy(lər)