14 Oktyabr 15:21

Səyyar sərgi / “Yenə o bağ olaydı” / Mingəçevir

YARAT Müasir İncəsənət Məkanı sizi Mingəçevir şəhərində keçiriləcək “Yenə o bağ olaydı” səyyar sərgisinə dəvət edir.

31 oktyabr – 19 yanvar
Açılış: 31 oktyabr, saat 15:00

Mingəçevir Şəhər Dövlət Rəsm Qalereyası
Giriş sərbəstdir

YARAT Müasir İncəsənət Məkanı, məşhur italyan rəssamı Mikelancelo Pistolleto və perspektivli yerli rəssamların əsərlərindən ibarət “Yenə o bağ olaydı” səyyar sərgisini təqdim edir. Bu sərgi, Mikelancelo Pistoletto tərəfindən ərsəyə gətirilmiş “Üçüncü cənnət” (Third Paradise) nəzəriyyəsini müzakirə etməklə, “CITTADELLARTE Fondazione Pistoletto” Fondunun (Biella, İtaliya) bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsin nəticəsidir. “Üçüncü cənnət” nəzəriyyəsi, müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır.

Bağ – ot-alaqdan təmizlənmiş, əkilib-becərilən, insana tənhalıq və təhlükəsizlik duyğuları bəxş edən guşədir. Sərgi öz adını Mikayıl Müşfiqin ən məşhur şeirindən götürüb. Bu parçada şair bağı arzu olunan, sevgi, sülh, azadlıq və xoşbəxtliyin vəhdət təşkil etdiyi nostalji məkan kimi təsvir edir. Tarix boyunca müxtəlif bağ tipləri mövcud olub. Bağlar təkcə tikili kimi xidmət etmək, ictimai və ya özəl mülkləri gözəlləşdirmək üçün deyil, həm də rəmzi, mənəvi, sosioloji və ya psixoloji əhəmiyyət kəsb edərək, öz dizaynında müxtəlif sosial quruluşları əks etdirib. Buna misal olaraq, İranın “cənnət bağını”, Barokko üslublu “həzlər bağını” (lüstgarten) və ya Maarifçilik dövrünə aid “bakirə mənzərəni” göstərmək olar. Duyğuları riqqətə gətirən, sakit sığınacaq olan bağ, həm ötəri, həm də gerçək hissləri yaşamaq, daxili və xarici aləmi düşünmək, dinclik və harmoniya dolu ideyalar ilə xəyala dalmaq üçün bir məkanı təcəssüm edir. Məşhur italyan rəssamı Mikelancelo Pistolettonun, həmçinin, texnologiyalar, təbiət və insanlıq arasında cənnət və harmoniya konsepsiyalarına malik olan perspektivli Azərbaycan rəssamlarının əsərlərini bir araya gətirən bu sərgi, araşdırma, yaradıcılıq təxəyyülü, fərdi, habelə ictimai düşüncələr üçün bir məkana çevrilir.

Sərgi, Mikelancelo Pistolettonun məşhur labirint instalyasiyası ilə başlayır. Bu labirint, ziyarətçiləri labirintin içindən keçirərək, onların öz daxili “mənini”, kimliyini axtarmasına vadar edir. Labirintin forması uzunmüddətli araşdırma və “fərdi səyahət” üçün metafora kimi istifadə edilib. Bu səyahət, ziyarətçini “Üçüncü cənnət” simvolunun üzərinə gətirib çıxarır. Simvol bu bölgəyə xas olan qırmızı kərpiclərdən hazırlanıb. Gəncənin bu ənənəvi və orijinal tikinti materialı, yavaş-yavaş Bakının adi kubik-mişar daşları ilə əvəzlənir. Sonda isə ziyarətçi gənc Azərbaycan rəssamlarının əsərləri və onların “Üçüncü cənnət” ilə bağlı interpretasiyalarını seyr edir.

Rəssam Etibar İsmayılov, bu sərgi üçün “arzular quyusu” yaradıb və onun istifadəsinə dair “şifrələnmiş” dildə təlimat təqdim edib. Mətnin üsulu insan beyninin möhtəşəm qüdrətinə istinad edir və rəssamın “mümkün olmayan heç nə yoxdur” inancını ifadə edir.

Günay Əliyevanın əsəri, İosif Brodskinin məşhur “bizim yaratdıqlarımız, etiraflarımızdan daha çox bizim özümüzdən danışır” kəlamından ilhamlanan qəbz formasında rəssamın həyatına nəzər salır.

Mousa Bəyzadə, “Üçüncü cənnət” ideyasına yanaşmaq üçün hamının bacardığı kağız kəsimi üsulundan istifadə edir. Onun əsəri, sağlamlıq texnologiyalarının bizim ayrılmaz hissəmizə çevrilməsini əks etdirməklə, insan və texnologiyalar, təbiət və sünilik arasında harmonik münasibətlərin mümkünlüyü sübuta yetirir.

Nəzrin Məmmədovanın aktual, fənlərarası və sinxron əsəri, texnologiyalar, dizayn və təbiətin kəsişməsində yerləşir. İlkin olaraq yazılmış səslər öz orijinal mühitlərinə qoyulub və dağlarda əks-səda və rezonasiya verməklə, çoxlaylı teksturalar, ritmlər və tezliklərə malik dolğun səs təəssüratlarını yenidən yaradır.

Vüsalə Ağarazıyevanın əsərinin başlıca məqsədi, yüksək texnologiyaların imkanlarına rəğmən, harmoniya və məqsədyönlü əlaqənin vacibliyini vurğulamaqdır. Belə ki, yüksək texnologiyalar bir tərəfdən həyatımızı asanlaşdırsa da, biz, təbiətin bizə bəxş etdiklərinə də biganə qalmamalıyıq. Rəssamın tərəzinin bir gözünə kiçik elektron cihazları, digər gözünə isə qum tökməklə öz “balansını” və bu konsepsiyanı vizuallaşdırır.

Leyli Qafarovanın “Qılman” (yaraşıqlı, gənc, saqqalsız cənnət kişiləri) adlı multimedia layihəsi, hollandiyalı filosof Mixael Lizinberqin aktiv, siyasi və ya inqilabi zorakılıq deyil, əksinə, öz sehri, təmkinliyi, passivliyi və tolerantlığı ilə təmsil edilən İslam dünyasının “sakit qüvvəsindən” bəhs edən nəzəriyyəsinə istinad edir.

Sərgi Mingəçevir şəhər İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin Mingəçevir Dövlət Rəsm Qaleryasının təşkilatı dəstəyi ilə keçirilir.

Mingəçevir Dövlət Rəsm Qalereyası
İş rejimi: Bazar ertəsi – Bazar ertəsi, 09:00 – 18:00
Ünvan: Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 22
Əlaqə nömrəsi: + 994 242743929

Media məlumatları və təsvirlər üçün əlaqə:
Hökümə Kərimova
Tel: +994 50 274 67 44
e-poçt: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)