8 Avqust 22:56

Zəhərlə ”çiçəklənən” şəhər?!

Sumqayıt SSRİ və müstəqillik dönəmində Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xüsusi yer tutub. Təsadüfi deyil ki, “gənclik şəhəri” SSRİ-nin ən varlı şəhərləri sırasına da düşməyi bacarıb. 1991-ci ilə qədər çoxsaylı millətlərin dinc, sülh şəraitində yaşadığı bu şəhər müstəqillik dönəmində yenə ön sırada olub. İstər təhsil, istər idman, istərsə də ictimai-siyasi sahədə adından söz etdirən Sumqayıt bu özəlliyini qoruyub saxlayır.
Təsadüfi deyil ki, bu şəhərin yetirməsi olan olimpiya mükafatçıları Şahin İmranov, Fuad Aslanov, İlham Zəkiyev, dünya karatesinin maradonası sayılan Rəfael Ağayev kimi idmançılar Azərbaycanı bütün dünyaya tanıdıb. Eyni zamanda, ali təhsil müəssisələrinə qəbul imtahanlarında sumqayıtlı abituriyentlər göstərdiyi nəticələrlə həmişə öncüllərdən olub.
Amma di gəl ki, bütün bu uğurlara kölgə salan, “gənclik şəhəri”nin ekologiyasını müxtəlif zərərli maddələrlə pozan problem hələ də öz həllini tapmayıb. Belə ki, uzun müddətdi Sumqayıt zibil poliqonu şəhər üçün böyük zəhər mənbəyinə çevrilib. Burda yandırılan zibilin iyi saatlarla bütün şəhərə yayılır. Nəticədə insanların tənəffüs orqanları tədricən sıradan çıxır, nəfəsalma çətinləşir. Bu proses 337 minlik (son hesablamalara görə) şəhər əhalisinin genofondunun məhvi anlamına gəlir…
Yandırılan tullantıdan azot oksidi (IV) və karbon qazı (CO2) ayrılır. Polietilen qablar, sellafon torbalar yananda isə ayrılan dioksinlər ayrıca toksikologiyaya malikdir. Üzvi sintezdən alınan maddələr isə daha çox toksiki təsirə malikdir. Onlar yananda cürbəcür xlor birləşməli qazlar ayrılır. Üzvü birləşmələr yananda həmçinin onların spesifik iyi hiss olunur ki, bu da insanların səhhətinə mənfi təsir göstərir. Başqa sözlə, bu problem Sumqayıt üçün “zəhərli soyqırım” deməkdir.
Üstəlik, Sumqayıt yaxınlığında Balaxanı zibil zavodu inşa olunub. Yaxın məsafədə olan şəhərin tullantılarının bu zavoda daşınıb emal olunmaması sual doğurur. Bakının uzaq ərazilərindən zibili bura daşıyıb emal edirlərsə, yaxın məsafədə yerləşən ərazi niyə diqqətdən kənarda qalsın?! Hər halda müvəqqəti də olsa, problemin qarşısını almaq olar. İl yarım əvvəl görülən tədbirlər kimi. Sadəcə bir az texnika və xərc tələb olunacaq. Yaxud zibili avtomobillərlə daha uzaq məsafəyə daşıyıb orada basdırmaq olar. Hər halda Sumqayıt sakinlərinin sağlamlığı bu tədbirlərə çəkiləcək xərclərdən vacib olmalıdır.
Hazırda Sumqayıtın dəniz sahilində bulvar inşa olunur. Çox gözəl! Ancaq ora çıxanda özümüzlə əleyhqaz daşımalı deyilik.
Elə isə aidiyyatı qurumlardan bu problemin həlli yolunda kömək gözləyirik.
VÜSAL HACISOY
Bəyən və paylaş

Rəylər

rəy(lər)