Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı brifinq keçirilib

Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı brifinq keçirilib

 

Sentyabrın 4-də müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı brifinq keçirilib. Brifinqdə elm və təhsil nazirinin müavini Həsən Həsənli sertifikatlaşdırma nəticələri barədə media nümayəndələrinə məlumat verib. 

 

Bildirilib ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dövrün sonuna kimi 137 000 nəfər heyətin sertifikatlaşdırmada iştirakının təmin olunması əsas hədəflərdən biri olaraq qeyd olunub. Bununla əlaqədar sertifikatlaşdırma prosesi 2026-cı ilin sonuna kimi mərhələli şəkildə davam etdiriləcək. 

 

Nazir müavini xatırladıb ki, ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 163 müəllimin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış 5 624 müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib. 

 

Həsən Həsənli bildirib ki, ötən il imtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib. Təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü il tarixindən xitam verilməsi prosesinə başlanılıb. Sertifikatlaşdırma prosesinin yekun nəticələrinə əsasən, yeni yaranan vakant yerlər ilk növbədə həmin rayon üzrə qeydiyyatda olan namizədlərə bal ardıcıllığı nəzərə alınmaqla təklif ediləcək. 

 

Daha sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az