Elitar Gimnaziya Necə İdarə Olunur? Direktorun Gözündən Təhsil və Rəhbərlik

Elitar Gimnaziya Necə İdarə Olunur? Direktorun Gözündən Təhsil və Rəhbərlik

 

Təhsildə uğurlu idarəetmənin sirri nədədir? Bu sual hər zaman müəllimlər, valideynlər və təhsil mütəxəssisləri üçün maraqlı olub. İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru, təhsil sahəsində uzun illər təcrübəsi olan Səadət Cahandarova ilə bu mövzu ətrafında maraqlı bir müsahibə təşkil etdik.

Edumap.az Təhsil Portalı olaraq, Səadət xanımın rəhbərlik etdiyi gimnaziyanın uğurlarının arxasında dayanan yanaşmalar, qarşılaşdığı çətinliklər və təhsilin keyfiyyətini artırmaq üçün gördüyü işlər barədə söhbətləşdik. Bu müsahibədə həm idarəetməyə dair praktik tövsiyələr, həm də təhsildə innovativ yanaşmalar barədə dəyərli fikirləri təqdim edirik.

Təcrübə və Liderlik:

  1. Məktəb direktoru olma yolunuz haqqında bizə danışa bilərsinizmi?

    2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib,  Bakı Avropa liseyində tarix müəllimi kimi fəaliyyətə başladım. İşlədiyim müddət ərzində bir neçə layihələrdə, konfranslarda, seminarlarda fəal iştirak etdim, mentorluq təcrübəm var.2012-2013-cü dərs ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, 2017-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin” Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam. İdarəetmə təlimlərinin fəal iştirakçısı olmuşam. AQMA nın təlimlərində mentorluq etmişəm. 2016-2017-ci tədris ilində Bakı Avropa liseyinin Təlim - tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olundum.

    29 iyul 2022-ci il tarixdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təyinatına əsasən İlyas Əfəndiyev adına Elitar gimnaziyanın direktoru vəzifəsinə təyin olundum. 19 illik təhsil təcrübəm ərəfəsində director müavinliyindən director vəzifəsinə təyin olundum.

  2. Təhsil sahəsində rəhbərliyə yönəlməyinizə nə ilham verdi?

    Şagirdləri sevmək və onları daha yaxından tanımaq, liderlik bacarığımı üzə çıxarmaq, təhsilə öz tövhəmi vermək, mənə göstərilən etimadı doğruldmaq, çalışqanlığım və rəqabətə meyilliliyimi göstərmək.

  3. Uğurlu bir məktəb rəhbərinin əsas keyfiyyətləri nələrdir?

    Düşünürəm ki, uğurlu məktəb rəhbəri  kollektivdə qarşılıqlı hörməti, anlayışlı olmağı, kollektivin dəyərləndirilməsini, rəğbətləndirilməsi və ədalətliliyin tətbiq edilməsi keyfiyyətinə malik olmalıdır. Komanda ilə işləmək, dəstəkləyici rəhbər rolunda çıxış etməlidir.

  4. Sizin üçün "uğurlu məktəb" nə deməkdir?

    Mənim üçün “uğurlu məktəb” dedikdə Sağlam – psixoloji mühiti tənzimləyən, dəstəkləyici mühiti formalaşdıran, şagird nəaliyyətlərinin əldə edilməsinə şərait yaradan, fədakar, səriştəli müəllim kollektivinə nail olan, təhsildə bərabər imkanlar yaratmağa səy göstərən məktəbdir. 

 

 

Məktəb İdarəetməsi və Vizyon:

  1. Məktəbiniz üçün hansı vizyonu qurmusunuz və bu vizyona müəllimlər, şagirdlər və heyətin uyğunlaşmasını necə təmin edirsiniz?

Gələcəyə sağlam, nikbin ruhla və inamla addımlayan bir təhsil ocağı qurmaq hədəfimizdir. Gimnaziyanın nüfuzu və bu nüfuza malik mühitin yaradılması bizim əsas hədəflərimizdir. 

 

  1. Məktəbin hər ilki performansının inkişaf etməsi üçün hansı strategiyalardan istifadə edirsiniz?

Məktəbin “İllik fəaliyyət planı”, gimnaziyanın müəllimlərdən ibarət strateji komandasının fəaliyyət planı və hər bir müəllimin fərdi inkişaf planı ilə hədəflərə yönəlirik. Gimnaziyanın uğurları, nəaliyyətləri barədə şagirdləri, valideynləri məlumatlandırır, onlara təkan veririk. İstedadlı şagirdlərlə işin təşkilini xüsusi yanaşma ilə tənzimləyirik.

8.Heyət, şagirdlər və ya valideynlər arasındakı münaqişələri necə idarə edirsiniz və həll edirsiniz?

 Gimnaziyada ildə üç dəfə “Açıq qapı” günləri keçirilir. Valideyn iclasları, sinif saatları təşkil edilir, risk qrupu şagirdləri araşdırılır. 

 

Gimnaziyada Nizam – intizam Şurasının fəaliyyət göstərməsinə baxmayaraq hələ ki, şuraya müraciətlər olunmamışdır. Baş verən münaqişələri əvvəlcə araşdırır, zərurət yarandıqda valideyn dəvət olunur, şagirdlər psixoloqlara yönləndirilir. Ən çətin vəziyyətdə məsələ aktlaşdırılır, şagird nəzarətə götürülür, bu barədə sinif rəhbərinə xüsusi tapşırıqlar verilir.

 

 

Şagird İnkişafı:

  1. Şagirdlərin rifahı və akademik uğuru ilə bağlı ən vacib prioritetləriniz hansılardır?

    Şagirdlərin sağlam-psixoloji mühitdə tədris almaları üçün bərabər imkanlar yaratmaq, onların məktəbə həvəslə gəlmələrini təmin etmək, ən kiçik uğurun belə, rəğbətləndirilməsi və onlara dəstək göstərilməsi əsas prioritetimizdir.

  2. Məktəbinizdə müxtəlif öyrənmə ehtiyacları olan şagirdlərin (xüsusi təhsil, istedadlı şagirdlər, ingilis dili öyrənənlər və s.) ehtiyaclarının qarşılanmasını necə təmin edirsiniz?

    İstedadlı şagirdlər üçün əlavə dərslərin təşkil olunması və həmin şagirdlərə xüsusi vaxt ayrılması ilə tənzimləyir, qabaqcıl müəllimlərin, qabaqcıl məzunların təcrübəsindən yararlanırıq. Həmin şagirdlər üçün fərdi yanaşma təşkil edirik.

  3. Şagirdlərin ümumi inkişafında məktəbdənkənar fəaliyyətlərin rolu nədir?

    Gimnaziyada fəaliyyət göstərən dərsdənkənar məşğələlər şagirdin psixomotor inkişafına və məntiqi təfəkkürün inkişafına yönələn fəaliyyətlərdir. Bu fəaliyyətlərin izlənilməsində əlbəttə ki, valideynin və ailənin rolu mühüm olmalıdır. 

Müəllim İnkişafı:

  1. Yaxşı müəllimləri cəlb etmək, təlim keçmək və onları saxlamaq üçün hansı addımları atırsınız?

    Müəllimlərimizin peşəkarlığının inkişafında  təlimlər təşkil edilir, onlar üçün mentorlar təyin edilir.

  2. Müəllim heyətinin peşəkar inkişafını necə dəstəkləyirsiniz?

    Müəllimləri  təlimlərə, konfranslara, seminarlara cəlb edirik. Müsabiqələrdə iştirakını təmin edirik və öyrəndikləri təcrübə əsasında dərslər təşkil edirik.

  3. Müəllimlərin qiymətləndirilməsini necə həyata keçirirsiniz və konstruktiv rəy verirsiniz?

    Gimnaziyada metodiki xidmətin təşkili mövcuddur. Tədrisin keyfiyyətinin artırılması üçün qarşılıqlı dərsdinləmələr aparılır və dərs bitdikdən sonra müəllimlə həmin dərsin keçirilməsi barədə müzakirə aparılır, tövsiyələr verilir. Müəllim uğuru daim şagird uğurunun bolluğuna görə  dəyərləndirilir.

Valideyn və İcma Əlaqələri:

  1. Uğurlu bir məktəbin idarə olunmasında valideyn və icmanın iştirakı nə qədər vacibdir? Bu iştirakçılığı necə təşviq edirsiniz?

    Valideynin məktəbə inamı, güvəni, rolu, əməkdaşlığı vacib amillərdəndir. Bəzi hallarda biz qərərzliliyin şahidi oluruq. Ancaq gimnaziyanı seçən valideyn, məktəbin tələblərinə tabe olmalı və məktəbə etibar etməlidir.

  2. Məktəbinizlə icma arasında uğurlu əməkdaşlığa dair bir nümunə paylaşa bilərsinizmi?   

    Məktəbin idarə olunmasında valideynin dəstəyi mühüm amildir. Amma qərəzliliyə əsaslanmamalıdır. “Açıq qapı” günləri, ayrı- ayrı təşkil olunan iclaslar, təlimati çağırışlarla valideynlərlə görüş təşkil edilir.

    Valideynlərin gimnaziyanın ictimai həyatında fəaliyyətini təmin edirik, təlimlərə və seminara cəlb edirik və bu da öz bəhrəsini, səmərəsini verir.

Çətinliklər və Həllər:

  1. Bir məktəb direktoru kimi qarşılaşdığınız ən böyük çətinliklər hansılardır və onları necə həll edirsiniz?

Valideynlərin hər hansı bir məsələyə araşdırmadan qərəzli yanaşması, problemlərin böyüdülməsi, sinif daxili məsələlərə qarışmağa meyilli olmaları, münaqişələrə bəzən can atmaları, empatiya hissinin nadir hallarda aşağı olmasını hiss edərək məsələyə yerindəcə  çevik, yanaşaraq aydınlıq gətiririk.

 

  1. Büdcə məhdudiyyətlərini necə idarə edirsiniz və eyni zamanda keyfiyyətli təhsili necə qoruyub saxlayırsınız?
  2. Məktəb direktorunun rolu illər ərzində necə dəyişib, xüsusən texnoloji inkişaflar və təhsildəki dəyişikliklərlə bağlı?

    Müasir məktəb direktoru yeniliyə açıqdır, yeni texnologiyadan istifadəyə, 21-ci əsr bacarıqlarına zamanla uyğunlaşmalıdır və  rəqabətə meyilli olmalıdır.

 

Son Fikirlər:

  1. Gələcək məktəb rəhbərlərinə hansı məsləhətləri verərdiniz?

    Öz işlərinə məsuliyyətlə yanaşmalı, təmkinli olmalı, qarşıya çıxan problemi yerindəcə həll etməyi bacarmalı, dəstəkləyici rəhbərlik rolunda çıxış etməli, əməkdaşlığa açıq olmalı, özünə tənqidi yanaşmalıdır.

  2. Karyeranız ərzində geriyə baxanda, məktəbin uğuruna qatqı təmin etdiyiniz hansı məqamla ən çox fəxr edirsiniz?

    Hər zaman yanımda dəstəyini hiss etdiyim güclü və zəhmətkeş müəllim ordusunun olması, günü-gündən artan şagird sevgisini qazanmağım və yüksək intellektual şagirdlərimizin olması, uğurlarımızın davamlı olması, Azərbaycan təhsilində öz dəsti - xətti ilə seçilən bir təhsil müəssisəsinə rəhbərlik etdiyim üçün qürurluyam.

Hazırladı:  

Əminət Diqanayevə

Edumap.az Təhsil Portalı

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az