“Bakı Münaqişə Məktəbi”nə qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir.

“Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı Azərbaycan dilində keçiriləcək.

“Bakı Münaqişə Məktəbi” müxtəlif mövzularda akademik və praktik sessiyalardan ibarətdir, formal və qeyri-formal təhsil metodlarını əhatə edir. Sessiyalar sülh və münaqişə nəzəriyyələri kimi mövzularla yanaşı, qaçqın və məcburi köçkünlərin vəziyyəti, medianın münaqişənin nizamlanmasında rolu, münaqişələrin gender aspekti və xalq diplomatiyası kimi müxtəlif aktual mövzuları əhatə edir. “Bakı Münaqişə Məktəbi”ndə müstəqil ekspertlər, elm adamları və dövlət qurumlarının təmsilçiləri dəvət olunacaq.

“Bakı Münaqişə Məktəbi”ni uğurla başa vurmuş iştirakçılar sosial fəaliyyətləri üçün kiçik maliyyə dəstəyi əldə etmək imkanına sahib olacaqlar. Həmçinin, məktəbi uğurla başa vurmuş iştirakçılar özündə yüzlərlə gənci əhatə edən “Münaqişə Məktəbi Məzun Şəbəkəsi”nin üzvünə çevrilərək, bu şəbəkə daxilində baş tutan tədbir və təlimlərdən yararlana biləcəklər.

“Bakı Münaqişə Məktəbi″ndə 18-28 yaş aralığında olan tələbələr, yeni məzun olmuş gənclər və gənc mütəxəssislər müraciət edə bilər. Seçim müraciət edənlərin münaqişə sahəsinə olan marağı və digər meyarlar əsasında aparılacaq. İştirakçıların seçimi müraciət forması və müsahibələr əsasında baş tutacaq.

“Bakı Münaqişə Məktəbi” 9 – 18 fevral 2024-cü il tarixlərində həyata keçiriləcək. Məktəbin keçirilmə formatı oflayndır. “Bakı Münaqişə Məktəbi” boyunca iştirakçılar sadəcə nahar və çay fasiləsi ilə təmin olunacaqlar. Nəzərə almağınızı xahiş edirik ki, ölkə kənarında və Bakıdan kənarda yaşayan iştirakçıların yaşayış və yaşayışla bağlı digər xərcləri qarşılanmayacaq.

“Bakı Münaqişə Məktəbi”ndə iştirak etmək üçün 14 yanvar 2024-cü il tarixinədək müraciət formasını qeyd edilən keçidə daxil olaraq tamamlamağınızı xahiş edirik: https://forms.gle/LsPbcJREWwNMnoWq9

Namizədlərin müsahibəyə dəvət edilməsi və seçilməsi müraciət etmə tarixinə əsasən aparılacaq. Bunun üçün iştirakçılardan mümkün qədər tez müraciət etməyini xahiş edirik.

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az