reklam

Türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” müsabiqə-festivalı

Türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” müsabiqə-festivalı

 

Noyabrın 25-dən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” I respublika onlayn incəsənət müsabiqə-festivalına start veriləcək.  

 

Müsabiqə-festival respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənətyönümlü ümumi təhsil müəssisələri istisna olmaqla) şagirdləri arasında 2 yaş qrupunda (11-14 və 15-17) aşağıdakı istiqamətlər üzrə keçirilir: 

 

- “Xəmsə” musiqidə müsabiqəsi; 
- “Xəmsə” bədii qiraətdə müsabiqəsi; 
- “Xəmsə” dramda müsabiqəsi; 
- “Xəmsə” təsviri və dekorativ-tətbiqi sənətdə müsabiqəsi; 
- “Nizami Gəncəvi yaradıcılığında ümumbəşəri dəyərlər” inşa müsabiqəsi. 


Müsabiqə-festival aşağıdakı mərhələlər üzrə keçirilir: 

 

Məktəb mərhələsi – Məktəb mərhələsi 25 noyabr-5 dekabr 2022-ci il tarixlərində bütün ümumtəhsil məktəblərində məktəb rəhbərliyinin əmri ilə yaradılmış təşkilat komitəsi və münsiflər heyəti tərəfindən keçirilir. Məktəb mərhələsində I yerin qalibi olmuş iştirakçılar rayon mərhələsinə vəsiqə qazanacaqlar.   

 

Rayon mərhələsi – Rayon mərhələsi 8-12 dekabr 2022-ci il tarixlərində regional təhsil idarələrinin əmri ilə rayonlarda yaradılmış təşkilat komitəsi və münsiflər heyəti tərəfindən keçirilir. Rayonlarda hər iki yaş qrupu və nominasiyalar üzrə I yerin qaliblərinin çıxışları onlayn formada zona mərhələsinə göndəriləcək. 

 

Zona mərhələsi – Zona mərhələsi 16 dekabr 2022-ci il tarixində keçiriləcək. Zona mərhələsində hər iki yaş qrupu və nominasiyalar üzrə I yeri tutmuş iştirakçılar final mərhələsində iştirak üçün vəsiqə qazanacaqlar.  

 

Regionlar üzrə I yerləri tutmuş qaliblər haqqında protokollar 23 dekabr 2022-ci il tarixinədək 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin ünvanına göndəriləcək (ünvan: e-mail - [email protected], Bakı şəhəri, Bülbül prospekti, Lev Tolstoy 176; əlaqə nömrəsi: 012-421-54-66). 

 

Müsabiqələrin final mərhələsində I yerin qalibi olmuş iştirakçılar türkdilli dövlətlərin məktəbliləri arasında Xəmsə möcüzəsi” I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalında  Azərbaycanı təmsil edəcəklər. 

 

Türkdilli dövlətlərin məktəbliləri arasında Xəmsə möcüzəsi” çərçivəsində keçirilən müsabiqələrdə I, II və III yerlərin qalibləri, münsiflər heyətinin sədri və üzvləri Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı, qiymətli hədiyyələri ilə təltif olunacaqlar. 

 

Müsabiqə-festival qaliblərinin iştirakı ilə yekun tədbir və sərgi 27 aprel 2023-cü il tarixində keçiriləcək. 

 

Qeyd edək ki, müsabiqə-festivalın əsas məqsədi uşaq və gəncləri Azərbaycan xalqının dünya şöhrətli şair və mütəfəkkiri Nizami Gəncəvinin klassik irsi ilə tanış etmək, yaradıcılığına məhəbbət hissi oyatmaq, şairin doğma şəhəri qədim Gəncəni beynəlxalq aləmdə tanıtmaq, “Xəmsə”nin süjetləri əsasında orta əsrlər Azərbaycan miniatür sənəti, dekorativ-tətbiqi sənət növləri vasitəsilə məktəblilərin bacarıqlarını formalaşdırmaqdır. Həmçinin yetişməkdə olan gənc istedadları üzə çıxarmaq, Nizami Gəncəvinin dünya ədəbiyyatına bəxş etdiyi “Xəmsə”si vasitəsilə uşaq və gənclərə söz sənətini sevdirmək, eləcə də milli mədəniyyət və incəsənətimizi təbliğ etmək, dahi şairin əsərlərinə musiqi nümunələri yaratmış Azərbaycan bəstəkarlarını tanıtmaq, türkdilli dövlətlərin uşaq və gəncləri arasında dostluq və mədəni əlaqələri genişləndirmək də müsabiqə-festivalın məqsədləri sırasına daxildir.

 

Türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” müsabiqə-festivalının Əsasnaməsi


  •  


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az