Məktəblilər arasında oxu və mütaliə vərdişlərinin artırılması istiqamətində layihə həyata keçirilib
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunan “Məktəblilər arasında oxu və mütaliə vərdişlərinin artırılması” layihəsi çərçivəsində 18 yanvar 2023-cü il tarixində Lənkəran rayonu, Lüvəsər kənd tam orta məktəbində seminar xarakterli tədbir həyata keçirilmişdir. Tədbirin açılışını məktəbin direktoru Mais Əliyev etmiş, layihə rəhbərini və eksperti təqdim edərək və layihənin faydalılığı haqqında iştirakçılara məlumat vermişdir. Tədbirdə ümumilikdə 40 nəfər şagird, həmçinin 5 nəfər müəllim iştirak edib. Tədbirdə ekspert qismində Lənkəran Dövlət Universitetinin müəllimi, beynəlxalq dərəcəli təlimçi, müxtəlif dövrlərdə AzGF və ETN tərəfindən elan olunan qrant layihə müsabiqələrinin qalibi Samir Salayev şagirdlərə mütaliə və onun məktəblilər üçün faydaları mövzusunda məlumatlar təqdim etmiş, mütaliə prosesinin insanın həyatında, dünyagörüşünün formalaşmasında, nitqinin inkişafındakı əhəmiyyətini və məktəblilərin gələcək karyeralarında rolunu diqqətə çatdırmışdır. Mütaliə vərdişlərinin yaradılması və inkişaf etdirilməsi ilə bağlı səmərəli üsullar barədə məktəblilərə dolğun məlumatlar verilmişdir. Eyni zamanda, layihənin rəhbəri Züleyxa Bayramzadə özünün oxu və mütaliə ilə bağlı təcrübələrini məktəblilərlə paylaşmışdır. Qeyd edək ki, layihənin əsas məqsədi Lənkəran rayonunun Lüvəsər və Bəlləbur kənd tam orta məktəblərinin V-XI sinif şagirdləri arasında oxu və mütaliə vərdişlərinin inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirdlər həyata keçirmək, məktəblilərin yazıçı ilə görüşünü təşkil etmək və “Ən yaxşı oxucu” müsabiqəsi təşkil etməkdir. Layihənin davamlılığını təmin etmək məqsədilə məktəb daxilində müxtəlif siniflərdən olan şagirdlərdən ibarət kitab klubu yaratmaq və onların fəaliyyətini müntəzəm izləmək nəzərdə tutulur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur